“Revanşla bağlı fikirlər ziyanlıdır” - Erməni vitse-spikerin sensasiyalı müsahibəsi

25 Yanvar 11:10 Hadisə 474
“Revanşla bağlı fikirlər ziyanlıdır” - Erməni vitse-spikerin sensasiyalı müsahibəsi

Ermənistanda xüsusilə rusiyapərəst müxalifətin təmsilçiləri Qarabağ Müharibəsindəki acı məğlubiyyətin əvəzinin çıxılmasına dair revanşist fikirlər səsləndirdikləri halda, bunun ermənilər üçün ölüm hökmü olduğunu anlayanlar da az deyil.

Sportinfo.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan erməni mətbuatına verdiyi son müsahibəsində Azərbaycana qarşı revanşist çağırışlar edən siyasətçiləri tənqid edib və bildirib ki, bu cür çağırışlar Ermənistan üçün olduqca ziyanlıdır:

“Bu gün bir çox ekspertlər, ictimai xadimlər deyirlər ki, guya biz bir neçə ildən sonra daha güclü olacağıq, silahlanacağıq və öz qələbə payımızın ardınca gedəcəyik.

Bağışlayın, mən bu fikri reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm mənə barmaqla göstərsinlər ki, onlar bunu kimin 18 yaşlı oğlunun hesabına etmək istəyirlər…”

Erməni xanım siyasətçi deyib ki, bütün qonşularla ”uzun müddətli, hətta daimi sülhə” nail olmağa çalışmaq lazımdır: “Region nəhayət ki, “insan sifəti” almalıdır”.

Müharibədən yayınmağın mümkünlüyü ilə bağlı suala cavab verən vitse-spiker qeyd edib ki, bunun üçün 30 illik danışıqlar prosesini daha dərindən təhlil etmək lazımdır: “Əgər müharibə olubsa, deməli siyasət, siyasi xadimlər uduzub”.

Paşinyanın mövqeyini müdafiə edən vitse-spiker vurğulayıb ki, indiki baş nazir situasiyanı hamıdan yaxşı qiymətləndirə bilir. Onun fikrincə, müxalifətdəki siyasətçilərdən fərqli olaraq, Paşinyan “buludların üzərində uçmur” və yerdəki vəziyyəti onların hər birindən düzgün anlayır.

Ermənistanda L.Nazaryan kimi düşünənlər və revanşist çağırışların mənasızlığını dərk edənlər kifayət qədər çoxdur. Bunu müxalifətin bütün səylərinə baxmayaraq, meydanlara çoxsaylı kütlə toplaya bilməməsi də təqsdiqləyir.

Digər Xəbərlər
Xəbər Lenti