"Azərbaycan Ordusu yeni müasir silah və hərbi texnikalar alacaq".
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə deyib.
Dövlət başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan nazir bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.
Z.Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.