COP29

Avropadakı “dostları” Ermənistanı “dar ağacı”na aparır

24 Mart 2023 03:20 Gündəm 336
Avropadakı “dostları” Ermənistanı “dar ağacı”na aparır

Artıq aydındır ki, Ermənistanın guya Azərbaycanla imzalamaq istədiyi sülh sazişinin gerçək sülhə heç bir aidiyyəti yoxdur.

Rəsmi İrəvanın ard-arda verdikləri açıqlamalar, ölkəmiz əleyhinə Qərbi də qoşmaqla davam etdirdiyi oyunlar, “blokada”, “yeni soyqırımı” haqda bitməyən köhnə bayatıları buna bariz sübutdur.

Son olaraq, baş nazir Nikol Paşinyan iki gün öncə bu xüsusda yerdə qalan “i”lərin də üzərinə nöqtə qoydu. Sanki Ermənistan rəhbərliyi yeni “beynəlxalq hüquq sistemi” kəşf edib və onu bizə sırımağa çalışır. Amma kapitulyant ölkə gərək unutmasın ki, 2023 onun üçün son şans ilidir. İlin 3 ayı bitmək üzrədir, Bakının barışıq əli isə sonsuzadək havada qalmayacaq...

“Beynəlxalq səviyyədə əldə olunmuş razılaşmaların əksinə olaraq (?! - red), iki görüşdən sonra Azərbaycan Dağlıq Qarabağ erməniləri ilə reinteqrasiya mövzusunu müzakirə edəcəyini deyir, halbuki beynəlxalq anlaşmaya görə (? - red.) müzakirə yalnız Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı olmalıdır. Bütün bunların fonunda Stepanakert-Bakı (Xankəndi-Bakı - red.) dialoqunun beynəlxalq mexanizminin işə salınması daha da aktuallaşır. Çünki aydındır ki, belə bir mexanizm olmadan gündəm iflasa uğrayacaq, Bakı bunu unudacaq”.

“Miatsum” qoxulu bu sözləri də srağagün hökumətin iclasında N.Paşinyan söyləyib. Bu da sülhdən qaçmağa hesablanan növbəti erməni hiyləsi.

Maraqlıdır, görəsən Qarabağdakı ermənilər Azərbaycan Konstitusiyasını qəbul etməyincə onların hüquq və təhlükəsizliyi necə qoruna bilər? Paşinyan bunu necə təsəvvür edir? Əks halda nədən söhbət gedəcək, bölgənin Azərbaycandan qoparılmasındanmı? Erməni sakinlər Azərbaycan vətəndaşlığından imtina edəcəklərsə, onların ərazimizdə hansı haqları və təhlükəsizliyi ola bilər, Qarabağa ümumiyyətlə, onların nə ölümü? Və onlarla nə danışıq mümkünmü? “Atı arabanın dalına bağlamaq” istəyən Paşinyan belə olan halda hansı beynəlxalq mexanizmdən dəm vurur?

Əslində o, sələfləri kimi, 44 günlük müharibəyədək olan ritorikaya qayıdaraq, faktiki surətdə ölkəmizə qarşı ərazi iddiası mövqeyindən çıxış edir. Təsadüfi deyil ki, Nikol bunu da deyib ki, Azərbaycanla sülh sənədinin erməni variantında “Dağlıq Qarabağ” haqda bənd var! Bu isə birbaşa müharibə sifarişidir. Çünki sülh sazişində Azərbaycanın daxili məsələsi yer ala bilməz! Beynəlxalq hüquqa əsasən, bu, istisnadır. Nə barədə ki, rəsmi Bakı dəfələrlə, ən mötəbər tribunalardan bəyan edib. Azərbaycanın sülh üçün irəli sürdüyü 5 baza prinsipində də buna bənzər heç nə yoxdur və ola bilməzdi...

“Azərbaycan tərəfinin Qarabağda yaşayan erməni icması ilə bağlı dialoq təklifləri sona qədər davam edə bilməz”.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Müşahidə edilən odur ki, Azərbaycanın bu təşəbbüslərindən sonra hansısa formada təzyiq imkanları da nəzərdən keçirilir. Bu, növbəli şəkildə olan prosesdir. Amma belə yanaşma da qarşı tərəf reallığı anlayanadək davam edəcək”, - deyə Əlizadə vurğulayıb.

Politoloqun fikrincə, məsələdə bağlı tələskənliyə də ehtiyac yoxdur: “Çünki möhlət bəlli: 2025-ci ilin mayında bölgədə rus sülhməramlılarının qalıb-qalmaması məsələsi aydınlaşacaq. Qarabağda yaşayan erməni icması da bu müddətə qədər konkret qərar qəbul etməlidir. Rus sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni icmasının Azərbaycana inteqrasiyadan başqa seçim imkanı qalmayacaq”.

Z.Əlizadə Qarabağda yaşayan erməni icmasının reinteqrasiyasının sürətləndirilməsinə də münasibət bildirib: “Görünən odur ki, Qarabağda Azərbaycana inteqrasiya edib yaşamaq istəyənlər az deyil. Amma paralel surətdə bu istiqamətdə iş aparmalıdır. Onların iqtisadi, siyasi, mədəni hüquqları ilə bağlı təsəvvürləri aydınlaşmalıdır”.

“Paşinyanın səsləndirdiyi fikirlər demaqogiyadır”.

Bunu isə Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

O, rəsmi İrəvanın belə davam edəcəyi halda Azərbaycanın da öz öhdəliklərindən imtina etmək haqqına sahib olduğunu vurğulayıb: “Üstəlik, heç bir yer blokadada saxlanılmır, Laçın da, Qarabağ da Azərbaycan ərazisidir. Bu, Üçtərəfli Bəyannamədə də aydın şəkildə göstərilib. Əgər Ermənistanın hansısa əlavə iddiaları var idisə, onda niyə Paşinyan sənədə imza atırdı?.. Azərbaycan sərhədə öz postlarını qurmalı və Ermənistanın Zəngəzur məsələsindəki davranışına adekvat cavab verilməlidir. Başqa yol yoxdur. Diplomatik təzyiqlərimizi artırılmalı və haqqında bəhs etdiyimiz məsələ şərt kimi Ermənistanın qarşısına qoyulmalıdır”.

*****

Ermənistanı son vaxtlar xeyli ayaqlandıran, onun özünü az qala qalib ədası ilə aparmasını şərtləndirən səbəblərdən biri və birincisi isə Qərbdəki anti-Türk dairələri və mərkəzləri, özəlliklə tamamən erməni lobbisinə satılmış, abır-həyasını itirmiş Avropa Parlamentidir. Hansı ki, srağagün növbəti dəfə Azərbaycan əleyhinə qərəzli, reallıqdan yerlə göy qədər uzaq, ərazi bütölüyümüzü şübhə altına alan və erməni revanşizmini qızışdıran, sülhə yox, müharibəyə zəmin hazırlayan qətnamə qəbul edib.

Azərbaycanın ünvanına iftira dolu oxşar qərəzli fikirlər və ittihamlar, qızışdırıcı mövqe bu günlərdə Ermənistanda səfərdə olmuş NATO-nun sabiq baş katibi (2009-2014) Anders Foq Rasmussenin dilindən də səslənib. Onun kapitulyant ölkədə Avropa Birliyinin 2 illik missiyasının işə başlamasından az sonra Ermənistanda peyda olması da təsadüf sayılmamalıdır.

Görünən budur ki, Avropa Parlamenti başda olmaqla, Avropadakı müəyyən çevrələr sülh müqaviləsi əvəzinə, Ermənistanı Azərbaycanla növbəti hərbi toqquşmaya hazırlayır. Lakin bu zaman İrəvana heç bir hərbi dəstək vəd etmirlər. Yalnız bəyanatlar. KTMT üzvü olan, sərhədlərini Rusiya hərbçilərinin qoruduğu forpost və izqoy bir ölkəyə Qərb hansı hərbi köməyi edə bilər ki? Zatən, Rasmussen bunu İrəvanda etiraf da edib. Beləcə, Avropadakı “dostları” Ermənistanı faktiki “dar ağacı”na aparır.

“Paşinyanın növbəti dəfə iki stulda oturmaq cəhdi ortadadır. O, Rusiyanın qucağından qurtulmamış Qərbə sarı getməyə çalışır. Amma bu, Ermənistana daha böyük təhlükələr vəd edir. Bizi ikiüzlü hesab edə bilərlər. Və sonra Azərbaycanın Ermənistana qarşı yeni təcavüzü (? - red.) baş verərsə, bizə heç kim kömək etməyəcək. Silahlı qüvvələrimizdəki fəlakətli vəziyyəti də nəzərə alsaq, Ermənistan dövlətçiliyi tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər”.

Bu barədə Tavos Arşakyan ad-soyadlı müəllifin Armenianreport.com saytındakı məqaləsində deyilir.

Odur ki, nə qədər gec deyil, Ermənistan rəhbəri olmayan papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməli, sülh oyunbazlığına son qoymalıdır. Yarımçıq hamiləlik olmur, o ya var, ya da yoxdur. Sülh müqaviləsi də elə: ya var, ya da müharibə qaçılmazdır...

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"