Tanınmış şərhçi Poznandan "Sportinfo"ya danışdı: "Qarabağ" favorit göstərilir, amma..."

4 İyul 2022 17:40 Gündəm 1 750
Tanınmış şərhçi Poznandan "Sportinfo"ya danışdı: "Qarabağ" favorit göstərilir, amma..."

"Qarabağ" sabah Çempionlar Liqasında mübarizəyə start verir. Son çempionumuzun ilk sınağı Polşada baş tutacaq. Təmsilçimizin birinci təsnifat mərhələsində rəqib son Polşa çempionu "Lex" olacaq.

Çətin hesab olunan səfərdə komandamızla bərabər olan şəxslər arasında "CBC Sport" telekanalının baş redaktoru Şəmsəddin Abbasov da var.

Tanınmış şərhçi matçı birbaşa arenadan canlı şərh edəcək. Ona kimi isə Abbasovla əlaqə saxlayıb, qarşılaşmanın keçiriləcəyi Poznan şəhərində yaşanan ab-hava barədə saytımıza danışmasını istədik.

O, həm "Qarabağ"ın düşərgəsindəki son durum, həm də yerli fanatların gözləntiləri barədə bunları deyib:

"Dünən "Qarabağ" məskunlaşan "Sheraton" otelə çatdım. Komandanı gətirən reyis bir az gecikdiyi üçün "Qarabağ" məndən 2-3 saat sonra Poznandakı otelə çatdı. Kollektivdə çox əla ab-hava höküm sürür. Sevindirici haldır ki, heç bir zədəli futbolçu yoxdur. Təmsilçimiz Avstriya toplanışından yaxşı vəziyyətdə qayıdıb.

Yerli azarkeşlərlə söhbətləşmək imkanım olub. Hər biri favorit qismində "Qarabağ"ı görür. Özləri də etiraf edirlər ki, "ağdamlılar"ın "Visla", "Piast", "Legiya" kimi böyük Polşa klubları ilə görüşlərdə yaxşı statistikası var. Amma onu da bildirirlər ki, "Lex"in də Azərbaycanın "Xəzər Lənkəran" və "İnter" kimi komandalar üzərində uğurlu oyunları olub. İlk oyunun Polşada keçirilməsini üstünlük sayırlar. Çünki "Lex" evdə tamam başqa futbol göstərir. Fanatlar inanır ki, "Lex" evdə qələbə qazanıb, sərfəli nəticəni qoruya bilər.

Arenada yəqin ki, boş yer olmayacaq. Azarkeşlər yalnız VİP və birinci kateqoriyalı biletləri stadionun kassalarından birbaşa əldə edə bilir. Amma digər kateqoriyalı biletlər onlayn əldə olunmalıdır. "Qarabağ" öz sosial şəbəkə hesablarından və saytında onlayn bilet əldə etmək üçün keçid qoyub. Ora daxil olub, bilet əldə edə bilərlər.

Qarşılaşmanı izləyənlər arasında "Qarabağ"ın azarkeşləri də olacaq. Bakıdan gələndə həmin fanatları təyyarədə gördüm. Amma təbii ki, sayları azdır.

Bu gün Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Təcrübəli mütəxəssis konfransda tək olacaq. O, şəxsi qərarı ilə hər hansı futbolçuya ehtiyac duymayıb".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti