Ermənistandan Azərbaycana barışıq çağırışları: “Qonşularımızla tezliklə dil tapmasaq...”

4 İyul 2022 01:20 Gündəm 610
Ermənistandan Azərbaycana barışıq çağırışları: “Qonşularımızla tezliklə dil tapmasaq...”

Kapitulyant Ermənistanda “hərb, yoxsa sülh” dilemması ətrafında siyasi çəkişmələr getdikcə daha qabarıq çalar almaqdadır.

Bu da səbəbsiz deyil.

Ona görə ki, zaman gedir və Ermənistan adlı süni, “izqoy” dövlət blokada rejimində vaxt ötdükcə daha dərin böhrana girir, sürətlə boşalır, çünki əmək qabiliyyətli əhalinin sabaha olan-qalan ümidi sarsılır.

Bu durumdan tək çıxış yolu isə iqtidarlı-müxalifətli ölkənin siyasi elitasının mövcud durumu - 44 günlük müharibənin yaradığı sərt gerçəyi, təzə status-kvonu düzgün qiymətləndirib yeganə doğru qərarı verməsidir, nəinki, erməni xalqını yenə heç vaxt rellaşmayacaq boş vədlərlə, xam xəyallarla “yedizdirməsi”, onu növbəti avantüralara sürükləməsi.

Müsbət haldır ki, erməni cəmiyyətində, onun siyasi elitasında acı gerçəyi qəbul eləməyin zəruriliyini açıq bəyan edən ermənilər də var. Hələlik çoxluqda olmasalar da. Onlar Azərbaycan və Türkiyə ilə sülh oyununun yox, əsl sülhün tərəfdarıdırlar. Özü də vaxtı fövtə vermədən. Əfsus ki, Nikol Paşinyan hökuməti də bu yöndə gərəkən addımları atmağa tələsmir, yaxud istəmir və radikallar kimi, “status”, “Minsk Qrupu” deyib durur. Bunlar isə artıq keçmişdə qalıb və sülh üçün əsla yararlı vasitələr deyil, olmayacaq...

“ATƏT-in Minsk Qrupu, həqiqətən də əvvəlki həyat qabiliyyətini itirib, o cümlədən baş vermiş geosiyasi dəyişikliklərə görə”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan öz Facebook səhifəsində yazıb.

“Fransa və amerikalı həmsədrlər Rusiyanın və ya qarşı tərəfin imtinası səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər. Və mənə qəribə gələn odur ki, daim bu formatın vacibliyi bildirilir. Bununla da biz dialoqu dalana sürükləyirik. Bu isə bizim maraqlarımıza uyğun deyil. Hazırda belə dəbdəbəni özümüzə rəva bilə bilmərik. Biz təhdidlərə və çağırışlara qarşı durmaq üçün həll yolları tapmağı bacarmalıyıq, nəinki əksinə, bu həll yollarını təxirə salmalıyıq”, - deyə Torosyan qeyd edib.

Hakim partiyanın deputatı mümkün həll yolunu da göstərir.

“Bizə bir millət, xalq və dövlət olaraq həmişə təlqin edilib ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik və buna haqqımız da yoxdur. Həm müxtəlif gündəliyə malik daxili qüvvələr, həm də müxtəlif dövlətlər durmadan bizə deyirdilər ki, siz öz qonşularınızla problemlərinizi təkbaşına həll edə bilməzsiniz, hökmən biz iştirakçı olmalıyıq. Düşünürəm ki, biz bu stereotipi qırıb, qonşularımızla dinc yanaşı həyata doğru addım ata biləcəyimizi anlamlıyıq. Biz isə belə bir tamamilə əks stereotiplə yaşayırıq ki, türklə, azərbaycanlı ilə yanaşı yaşamaq sadəcə mümkün deyil”, - deputat vurğulayıb.

Torosyanın əminliyinə görə, erməni xalqı bu stereotipi kollektiv şəkildə qırmağı bacarsa, danışıqlar masası arxasında kompromis həll yolu tapıla bilər. “Yox, əgər bacarmasaq və bizə yenə iki qonşumuzla, xüsusən də Azərbaycanla birgəyaşayış normaları barədə razılığa gəlməyin qeyri-mümkünlüyü təlqin edilsə, o zaman həmişəlik bu dalanda qalacağıq, hansı ki, bizə yeni fəlakətlər gətirəcək”, - deyə hakim komandanın üzvü xəbərdarlıq edib.

Torosyanın fikirlərində əlbəttə ki, həqiqət payı böyükdür. Erməni deputat doğru olaraq, öz xalqının yaşadığı bəlaları on illərlə bu xalqa təlqin edilən yanlış və təhlükəli stereotiplərdə, o sırada Türkə nəsildən-nəslə ötürülən nifrət və ksenofobiyada axtarır. Əfsus ki, bu nifrəti körükləyən qüvvələr, o cümlədən diaspora hələ ki, erməni cəmiyyətində söz sahibliyini, kütləyə təsir imkanlarını saxlayır.

Bunu Laçın dəhlizinə alternativ yolla bağlı neçə gündür radikal-revanşistlərin ölkədə qaldırdığı süni hay-küy bir daha təsdiqləyir. Radikallar yenə də “miatsum” virusunu bədbəxt erməni toplumunun canına salıb onu növbəti faciəyə ürcah eləməyə çalışırlar...

Torosyanlar isə təəssüf ki, hələ azlıqdadır. Düzdür, 44 günlük müharibədən sonra erməni cəmiyyətində müharibə istəməyən laqeyd bir təbəqə formalaşıb. Bu təbəqə radikalların ardınca getmədiyi kimi, hökumətin pis-yaxşı sülh təşəbbüslərinə də demək olar, laqeyddir. Bir növ seyrçi mövqedədir. Radikal müxalifətin özəyini təşkil edən “Qarabağ klanı”nın - keçmiş xunta rejiminin təmsilçilərinin əsas ümidi də məhz həmin indiferent təbəqəyədir. Onlar güman edirlər ki, günün birində “laqeydləri” nəhayət, Paşinyan iqtidarına qarşı qaldıra biləcək, beləliklə də təzədən hakimiyyətə gələcəklər.

Bu da o anlama gələcək ki, qonşularla ədalətli sülh, uzunmüddətli sabitlik, inkişaf yoluna çıxmaq şansı bir az da əlçatmaz olmaqla Ermənistan təzədən yeni müharibənin astanasına gələcək. Hərçənd, radikal-revanşistlər də sülhdən danışırlar. Lakin əlbəttə ki, öz təsəvvürlərindəki “sülh”dən. Barıt qoxulu “sülh”dən!

Yəni bu qüvvələr əslində, Azərbaycan və Türkiyə ilə hər hansı sülh anlaşması imzalamağa qabil deyillər, olmayacaqlar da. “Miatsum” virusundan, “böyük Ermənistan” mərəzindən əziyyət çəkənlər, XXI əsrdə “Türksüz Ermənistan!” irqçi şüarını özlərinə mübarizə sloqanı, nasist Qaregin Njdeni kumir seçənlər buna necə nail ola bilərlər ki?

Odur ki, ümid yenə qalır torosyanların səsinin getdikcə daha çox erməni tərəfindən eşidilməsinə və ciddiyə alınmasına. Eşitməlidirlər, çünki başqa çarələri qalmayıb. Əks halda ermənilər nəinki Qarabağda, ümumən Qafqazda heç etnik azlıq kimi də qala bilməyəcəklər...

Digər Xəbərlər
Xəbər Lenti