Xankəndidə yenə nə baş verir?

21 May 2022 18:10 Gündəm 973
Xankəndidə yenə nə baş verir?

Qərbin, konkret olaraq, Avropa Birliyinin və ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh prosendə vasitəçiliyə artan marağı diqqət çəkir.

Qərbin münaqişənin tarixindən bəri bəlkə ilk dəfədir ki, Qarabağ məsələsində ardıcıl siyasət həyat keçirdiyi görünməkdədir.

Biz nə qədər desək ki, 44 günlük müharibənin nəticəsi olaraq, Qarabağ problem daha yoxdur, buna nə onları, nə özümüzü inandıra bilərik. Necə ki, Xankəndidə bu oyunlar hələ də davam edir. Məlum olur ki, ermənilər yeni “konstitusiya islahatları” hazırlayıblar.

Ermənilərə bu dəfə “yarım-prezident sistemə” keçmək təklif edilir: “Yarım-prezident idarəetmə sistemində icra hakimiyyətini fəaliyyətinə baş nazir, habelə hökumətin 15 üzvünün fəaliyyətinə rəhbərlik edən hökumət həyata keçirir”. Ermənilər “mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq, habelə dövlət orqanlarının fəaliyyətinə mane olmamaq üçün ümumxalq seçkilərinin mərhələli şəkildə keçirilməsi, 2023-cü ildə parlament seçkiləri, 2024-cü ildə isə prezident seçkiləri keçirmək” təklif edilir. Xankəndində “dövlət sərhədi haqqında” da qondarma qanun “müzakirə mərhələsindədir”. Ermənistanın Azərbaycanın anklavları ilə bağlı mövqeyi də sürüşkəndir, son olaraq yenə köhnə havaya qayıdıblar...

Bir sözlə, ortada uzun vaxt aparacaq sərhədlərin müəyyənləşməsi, sülh razılaşmasının detalları var, amma bundan da vacib məsələ Qarabağa qayıtmış köçmən ermənilərlə bağlıdır. Dövlət baba Avropa Birliyinin vasitəçiliyindən məmnun kimi görünür, Amerikadan bu problemlə bağlı gələn mesajları da isti qarşılayır. Haqlı mövqedir. Bu vasitəçilikdə, sülh razılaşmasının imzalanması təkliflərində haradək səmimi olduqlarını bilmədən nəticə çıxarmaq olmaz. Amma unutmaq olmaz ki, bu həmin Qərbdir ki, 30 il iki əsas dövləti (Fransa və ABŞ) vasitəsi ilə bizə münasibətdə yumşaq desək, heç vaxt ədalətli mövqe tutmayıblar. Hətta bizə bilinən və bilinməyən təzyiqlər ediblər ki, erməniləri az qala dövlət içində “dövlət kimi tanıyaq”, çünki “başqa yolumuz yoxdur” və sairə…

Bu həmin Qərbdir, nə bayrağı, nə dəyərləri, nə siyasəti dəyişib bizə münasibətdə. Avropa Birliyinin Ermənistana Azərbaycanda 5 qat artıq maliyyə yardımı ayırması bunu göstərmirmi? Dostum Zahid Səfəroğlunun sözü olmasın, zira, şəxsən mən Qərbin bu canıyanalığında səmimiyyətinə inanmıram. Hələ ki, ortada nətcə yoxdur- Ermənistan rəhbərliyi Avropada bir söz, bir vəd verir, İrəvana qayıdanda bunları unudur, razılaşdıqları 5 şərtin qarşısına 6 şərt qoşurlar. Ən pisi, bu şərtlər yenə Qarabağda “həll olunmamış status, təhlükəsizklik” məsələlərinə dirənir. Yəni vasitəçilik səylərinin qarşısına bir yekə daş qoyulur.

Qərbin fəallaşmasının əsl səbəbləri haqda çox deyilib. Ukraynada müharibə dünya düzənini ciddi dəyişib, Rusiyanın bütün sahələrdə sıxışdırılması, təsir imkanlarını sıfırlamaq niyyəti ortadadır. Amerikanın da, Avropanın da fəallığını istisnasız məhz bu konteksdən baxmağın tərəfdarıyam. İstisna deyil ki, yaxın aylarda Ağ Ev rəhbəri Bayden də Prezident Əliyevlə baş nazir Paşinyanın belə bir görüşünü keçirməyə həvəslənsin.

Dünyanın siyasi gündəmində indi Qafqaz yoxdur, üstəlik, burada xüsusi gərginlik də nəzərə çarpmır. Azərbaycan bu bölgədə sabitlik üçün hər şey edir və lider statusunda da bu işin öhdəsindən gəlir. (Qərbə inanma, özünə güvən...) Ermənistan isə qeyri-stabillik mənbəyidir. Bu ölkə daxili təlatümlərdən heç cür qurtula bilmir. Ola bilsin, Qərbin narahatlığı da daha çox bu qeyri-stabil respublika ilə bağlıdır. Orada stabillik üçün sülh müqaviləsinin həyati əhəmiyyətini Qərb də qəbullanmaq zorundadır. Amma burada Rusiya amilini Avropanın keyfi, Amerikanın sifarişi ilə gözardı etmək mümkün deyil. Rusiya da vasitəşiliklə bağlı Qərbin fəallığını diqqətlə izləyir. O səbəbdən imkan vermək olmaz ki, Rusiya-Qərb gərginliyi Qarabağ məsələsinə də sıçrasın. Bu, çox təhlükəli oyundur...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti