Futbolda yeni dönəm – Hər şey indi daha fərqli olacaq?

21 Aprel 2021 13:40 Gündəm 901
Futbolda yeni dönəm – Hər şey indi daha fərqli olacaq?

Avropa Super Liqasının layihəsi İngiltərənin 6 klubunun yarışdan çıxmasından sonra təkrar nəzərdən keçiriləcək.

Bu barədə təşkilata istinadən “Associated Press” agentliyi bildirib.

“Mövcud şərtləri nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları yenidən nəzərdən keçirməliyik”, - deyə təşkilatın məlumatında bildirilib:

“İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.

“Format dəyişməlidir” - Superliqa rəsmisi
Avropa Superliqası hazırkı formatda baş tutmayacaq. Bunu qurumun rəsmisi olan jurnalist Rob Harris tvitter səhifəsində elan edib.

Superliqa adından çıxış edən Harris 6 komandanın imtinasından sonra turnirin başqa formatda keçirilməsi barədə müzakirə aparılacağını söyləyib:

“Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir. Mövcud sistem işləmədiyi üçün yeni bir Avropa rəqabəti təklif edirik.

Təklifimiz pandemiya nəticəsində bütün futbol ictimaiyyətinin üzləşdiyi maddi çətinliklərin aradan qaldırılmasına kömək də daxil olmaqla, bütün futbol piramidası üçün qaynaqlar və sabitlik yaradaraq idmanın inkişafına imkan yaratmaqdır.

Bu, həm də futboldakı bütün maraqlı tərəflərə həmrəylik ödənişlərində əhəmiyyətli dərəcədə artım təmin edəcək.

İngilis klublarının təzyiqlər üzündən bu cür qərar qəbul etmək məcburiyyətində qaldıqlarını elan etməsinə baxmayaraq, bu gün Superliqanı üçüncü tərəflərdən qorumaq üçün məhkəmə qərarı ilə göstərildiyi kimi, təklifimizin Avropa qanunlarına və qaydalarına tam uyğun gəldiyinə əminik.

Mövcud şərtləri nəzərə alaraq, bütün futbol ictimaiyyəti üçün həmrəylik ödənişlərini artırarkən azarkeşlərə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək məqsədlərimizi daim nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirəcəyik”.

“Dəyişiklik vaxtı gəldi” - Peres geri addım atmır
“Real”ın prezidenti Florentino Peres hələ də Avropa Superliqasının baş tutacağına inanır. Hətta İngiltərə klublarının turnirdən imtinası da onu fikrindən daşındırmır.

“Kral klubu”nun rəhbəri tərəfləri danışıq masası arxasına dəvət edib: “Dəyişiklik vaxtı gəldi. İnkişafdan söz düşəndə “Real” həmişə ön planda olub.

Bu, 1950-1990-cı illərdə belə idi. İndi də baş verir. Layihə uğursuz ola bilərmi? Hər şey yaxşıya doğru gedir. Bizim bir məsuliyyətimiz var. Futbolu xilas etmək üçün bütün tərəflərlə danışıqlar aparacağıq”.

Premyer Liqadan biri də qalmadı
"Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Avropa Super Liqasının tərkibindən çıxıb.

Bu barədə komandaların mətbuat xidmətləri bildirib. Daha əvvəl "Mançester Siti" və "Liverpul" Super Liqanın heyətdən çıxdıqlarını elan ediblər.

“Sky Sport” idman telekanalının tanınmış jurnalisti Fabritsio Romanonun məlumatına görə, tezliklə "Milan" və "İnter" da Super Liqanı tərk edəcək. Daha əvvəl "Mançester Siti" və "Liverpul" Super Liqanın heyətindən çıxdıqlarını elan ediblər.

UEFA İngiltərə klublarına külli miqdarda pul təklif edib
UEFA İngiltərə Premyer Liqası klublarına Avropa Super Liqasında çıxışdan imtina üçün Bkülli miqdarda pul təklif edib.

Bu barədə “Mundo Deportivo” bildirib. Məlumata görə, UEFA tərəfindən maliyyə vədləri İngiltərə klublarının Super Liqadan çıxması üçün həlledici rol oynayıb. Bu halda, belə təklif İspaniya klublarına daxil olmayıb.

Avropa Super Liqası layihəsi özündə Avropanın 20 ən yaxşı klubu iştirak edəcəyi yeni liqanın yaradılmasını nəzərdə tuturdu.

Superliqada iştirakı İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", “Liverpul”, “Çelsi”, "Mançester Siti", "Mançester Yunayted", "Tottenxem Hotspur", İspaniyanın "Atletiko" (Madrid), “Real Madrid”, "Barselona" kimi top-klublar təsdiqləyib.

"Səhv etdik və bunun üçün üzr istəyirik"
"Arsenal" Avropa Super Liqası layihəsinə qatıldığı üçün azarkeşlərindən üzr istəyib. Klub Superliqaya qayıtmayacağını bəyan edib. "Topçular" səhv etdiklərini bildirib:

"Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi.

Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik".

“Hər şeyə görə cavabdeh mənəm”
“Liverpul”un sahibi Con Henri Avropa Superliqasından imtina etmələrindən sonra azarkeşlərə müraciət edib. O, sözügedən layihəyə dəstək verdikləri üçün baş məşqçi Yurgen Klopp və azarkeşlərdən üzr istəyib:

“Son iki sutkadakı nigaranlıqlarına görə bütün azarkeşlərdən üzr istəyirəm. Superliqa azarkeşlərin dəstəyi olmadan mümkün olmazdı.

İngiltərədə heç kim başqa cür düşünmür. Bunu çox açıq şəkildə nümayiş etdirdiz və mən sizi eşitdim.

Yurgen Klopp, futbolçular, klubda çalışan hər kəsdən üzr istəyirəm. Onların baş verənlərlə heç bir əlaqələri yoxdur. Ancaq ən çox narahat olan da onlar idi.

Bunu dərk etmək məni incidir. Hər şeyə görə cavabdeh mənəm. Ümid edirəm ki, səhv etdiyimiz zaman da klubumuzun mənafeyi naminə çalışdığımızı anlayırsınız".

"Klublar böyük səhv etdilər və bunu etiraf etdilər"
"Səhvi etiraf etmək heyranedicidir və klublar böyük səhvə yol verdilər" Bunu UEFA prezidenti Aleksander Çeferin İngiltərə təmsilçilərinin Avropa Super Liqasından imtina etmələri barədə danışarkən deyib.

Sloveniyalı funksioner klubların avrokubok yarışlarına geri döndüyünü bildirib: "Bilirəm ki, onlar yalnız turnirlərimizə deyil, bütün Avropa futboluna çox şey verə bilər. Onlar qayıtdılar.

Onlar təkcə bizim turnirlərə deyil, bütün Avropa futboluna çox şey təklif edəcək gücdədir. Əsas doru ki, biz irəli hərəkət edirik, yenidən birlikdəyik və birgə irəliləyirik”.

"Premyer Liqa klubları vacib qərar verdi"
Böyük Britaniyanın Baş naziri Boris Conson İngiltərə klublarının Avropa Super Liqasından kənarlaşmalarına münasibət bildirib. Conson şəxsi tvitter hesabında bu qərarı alqışladığını yazıb.

Baş nazir bunun vacib qərar olduğunu yazıb: "Bu, futbol azarkeşlərinin, klubların, ölkədəki bütün futbol ictimaiyyətinin mənafeyi baxımından vacib qərardır. Biz milli oyunumuzu qorumağa davam etməliyik".

Superliqadan çıxan klublara dəstək
İngiltərə Futbol Assosiasiyası (FA) Superliqanı tərk edən klubları dəstəkləyib. Qurum ölkənin 6 klubunun yarışdan çıxması ilə bağlı bəyanat yayıb.

Superliqanın yaradıcısı olan 12 klub sırasında yer alan “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti”nin turnirdən çıxması FA tərəfindən müsbət qarşılanıb:

“İngiltərə futbolu bütün klublar üçün imkanları olmasının tarixi ilə qürur duyur. Bütün futbol ictimaiyyəti qapalı liqaların əleyhinədir. Bu mövqe bizim oyunumuzu parçalaya bilərdi, amma bunun əvəzində bizim hamımızı birləşdirəcək”.

“Superliqa davam edə bilməz” - Anyelli
“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının baş tutmasına ümidini itirib. Bunu yeni yaradılan turnirin vitse-prezidenti təyin edilən Anyelli yerli mətbuata açıqlamasında bildirib.

O, İngiltərə klublarının yarışdan imtina qərarından sonra Superliqanın keçirilmə ehtimalının qalmadığını etiraf edib: “Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi