2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq tapıldığı üçün II yerdən məhrum edilən Vitali Rəhimov hələ də medalını qaytarmayıb. Sportinfo.az xbər verir ki, bunu qaynarinfo.az-a açıqlamasında Vitalinin atası Məcid Rəhimov deyib.
60 kq çəki dərəcəsində çıxış etmiş Vitali Rəhimovun dopinq testi yalnız 8 ildən sonra müsbət nəticə verib. O, Gənclər və İdman naziri Azad Rəhimovun gümüş medalın qaytarılması ilə bağlı dediyi sözlərin düz olmadığını qeyd edib:
"Nazirlik və Milli Olimpiya Komitəsi oğlum barəsində çıxarılan qərardan apellyasiya şikayəti verməli idi. Ancaq heç bir xəbər yoxdur. Nazirin sözlərini mən də mətbuatdan oxumuşam. Düzdür, mən Bakıxanov qəsəbəsində, Vitali isə Əhmədlidə qalır. Ancaq dəqiq bilirəm ki, Vitalinin qazandığı gümüş medal hələ də evdədi.
Ümumiyyətlə, dünya praktikasında dopinqə düşmüş idmançılar çox nadir hallarda medallarını qaytarırlar. Pekində III yeri tutmuş qazaxıstanlı idmançının özü də mətbuata açıqlamasında bildirib ki, Vitalinin gümüş medalı mənə lazım deyil".

