
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı başa çatıb.
Sportinfo.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın medal şanslarını qoruyan dörd sərbəst güləşçimiz döşək üzərinə çıxıb.
Həsən Həsənov (60 kq) finalda Zorab Aloyevə (Ukrayna) 4:5 hesabı ilə məğlub olaraq U17 Avropa çempionatının gümüş mükafatçısı olub.
Səid Paşayev (92 kq) isə finalda rusiyalı Abdurazak Şabanova (UWW) 6:5 hesabı ilə qalib gələrək U17 Avropa çempionu titulunu qazanıb.
Təsəlliverici mərhələdə Bugra Kavaka (Türkiyə) 2:1 hesabı ilə qalib gələn Ramal Mirhüseynov (51 kq) daha sonra Vahan Azaryanı (Ermənistan) da 10:6 hesabı ilə məğlub edərək U17 Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Bürünc mükafat uğrunda mübarizə aparan Ömər Usubov (45 kq) yekunda 5-ci yeri tutub.
Nəticədə sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb. Komandamız nüfuzlu yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar.