Azərbaycan millisinin baş məşqçisi: “Dayanmaq fikrimiz yoxdur”

15 Aprel 03:20 Güləş 370
Azərbaycan millisinin baş məşqçisi: “Dayanmaq fikrimiz yoxdur”

"Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.

Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:

"Yunan-Roma, sərbəst və qadınlardan ibarət güləş yığmalarını təbrik edirəm. Bizə göstərdikləri dəstəyə görə Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Məşq etməyimiz və beynəlxalq turnirlərə qatılmağımız üçün lazımi şərait yaradılıb. Güləşçilərimiz Slovakiyada çox yaxşı çıxış etdilər. Bunun nəticəsi olaraq müxtəlif əyarlı medallar qazandılar. Bununla belə, dayanmaq fikrimiz yoxdur".

O, sentyabrda Xorvatiyada keçiriləcək dünya çempionatında da uğur qazanmaq istədiklərini söyləyib:

"Qarşıda bizi mundial gözləyir. Bu yarışa da ciddi hazırlaşacağıq. Avropa çempionatındakı uğurlu çıxışın davamını gətirmək istəyirik. Lakin əsas hədəf 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Heyətdə yer alan güləşçilərin gənc olmaları da qarşıdakı olimpiadaya daha inamlı hazırlaşa bilməyimiz üçün hesablanıb".

Təmsilçilərimiz yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti