Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Jalə Əliyevaə (57 kq) vətənə qayıdıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda dünya çempionu olan ilk qadın güləşçimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda Jurnalistlərin suallarını cavablandırıb.
O, təəssüratlarını belə bölüşüb:
"Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum deyil.
Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım.
Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Qarşılaşmaya çox yaxşı başlamışdım. Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim.
Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha da yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşmalıyam”.
Jalə DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.