"Nəhayət ki, istədiyimi əldə etdim - Atamın hələ belə sevindiyini görməmişdim"

11 Oktyabr 11:20 Güləş 246
"Nəhayət ki, istədiyimi əldə etdim -  Atamın hələ belə sevindiyini görməmişdim"

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatına Rafiq Hüseynov imzasını atıb.

Sportinfo.az xəbər verir ki, 82 kq-da bütün rəqiblərinə qalib gələn 33 yaşlı güləşçimiz karyerasında ilk dəfə dünya çempionu olub.

Rafiq mundialdakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına danışıb:

“Bu, böyüklər arasında iştirak etdiyim 10-cu dünya çempionatı idi. Nəhayət ki, istədiyimi əldə etdim. Dünya çempionu oldum. İlk dəfə 2009-cu ildə mundialda iştirak etmişdim. Həmin yarışda 5-ci yeri tutmuşdum. 2019-da qızıl medalın bir addımlığında qaldım.

Təəssüf ki, finalda uduzdum. Bu dəfə həlledici görüşdən əvvəl Nur-Sultandakı finaldan sonra necə məyus olduğumu yadıma saldım. Özümə dedim ki, eyni hissi yaşamaq istəmirsənsə, bu dəfə çempion olmalısan.

Çox sevinirəm. Görüşdən sonra 44 işarəsi göstərdim. Bununla da qələbəmi 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr etdiyimi bildirdim. Onların sayəsində mən bu gün rahat məşq edib, dünya çempionu oldum. Onların ruhu qarşısında baş əyirəm.

Bərpa olunmaq lazımdır. Çünki Olimpiya Oyunlarından sonra çox yorulmuşdum. Gücümü zorla sıxıb dünya çempionatına çatdırdım ki, bu yarışda çıxış etdikdən sonra dincəlim.

Noyabrda hərbçilərin dünya çempionatı keçiriləcək. Bir zabit kimi həmin mundialda da ordumuzun şərəfini qorumalıyam.

Atam neçə illərdir məni dünya çempionu kimi görmək istəyirdi. Ona görə də finaldan sonra üzümü kameraya tutub, “ata, oğlun dünya çempionudur” dedim.

Parterdə səhv buraxdım. Gözləyirdim ki, atam buna görə irad bildirəcək. Ancaq gözlədiyim kimi olmadı. Atamın hələ belə sevindiyini görməmişdim. Heç Olimpiadada medal qazananda belə sevinməmişdi”.

Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası