Ölkəmizdə minifutbolun inkişafı və kütləviləşdirilməsi yönündə təsis edilmiş Azərbaycan MiniFutbol Assosiasiyası (AMFA) Alfa Liqa adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edib.
Sportinfo.az xəbər verir ki, Bakı Biznes Mərkəzində Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi baş tutub.
Tədbir açıq elan edildikdən sonra söz Azərbaycan MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynova verilib.
Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, hazırda futzal üzrə Yüksək Liqada 2-ci pillədə qərarlaşan "Marafon"un sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq.
Videorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov, çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib.
Daha sonra çempionatın püşkatmasına start verilib. Əvvəlcə 8 qrupun birinciləri müəyyən edilib. Ardınca hər qrupda yer alacaq 2-ci, 3-cü və 4-cü komandaların adlarına aydınlıq gəlib.
Qrupların tərkibinə aydınlıq gəldikdən sonra MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynov Alfa Liqanın qaydaları və normativləri haqqında məlumat verib.

