"Çətin qrupda yer almışıq, buradan cəmi bir komanda elit-raunda yüksələcək.
Növbəti mərhələdə oynamaq istəyirik".
Sportinfo.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsin püşkünü dəyərləndirərkən deyib.
54 yaşlı mütəxəssis yer aldıqları qrupda hələlik bir rəqiblərinin dəqiqləşdiyini xatırladıb:
"Digər ikisinin kimliyinə ilkin mərhələnin oyunlarından sonra aydınlıq gətiriləcək. İlkin mərhələnin D qrupuna diqqət yetirdikdə,
Serbiya çempionunun rəqibimiz olmaq ehtimalını yüksək qiymətləndirirəm. F qrupuna gəldikdə, üstünlüyü Gürcüstan çempionuna verirəm.
Bosniya və Herseqovina “Mostar”ı isə doğma meydanda oynayacaq. Onları yaxşı tanıyıram, bir neçə dəfə rəqib olmuşuq.
Oyun çətin keçəcək. Onların da oturuşmuş, təcrübəli heyəti var və bir neçə ildir öz ölkəsinin çempionu olublar".
"Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək.
Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.
İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.

