20 illik yubileyə hazırlaşan “Baku Fire”ın uğur hekayəsi - Bu tarix necə yazıldı?

3 İyun 2022 15:00 Futzal 919
20 illik yubileyə hazırlaşan “Baku Fire”ın uğur hekayəsi - Bu tarix necə yazıldı?

Futzal üzrə 2021/2022-ci il mövsümü başa çatdı.

Həm Yüksək liqa, həm I və II liqalarda, həm də ölkə kuboku uğrunda yarışlarda maraqlı mübarizələrə şahid olduq.

Mövsümü dəyərləndirmək üçün müsahibimiz olaraq “Baku Fire” futzal klubunun baş məşqçisi Teymur Eyvazovu seçdik.

Seçimimiz təsadüfi deyildi. Gələn il yaranmasının 20 illik yubileyini qeyd edəcək “Baku Fire” qarşılaşdıqları çətinliklərə baxmayaraq, hər il futzal çempionatlarında iştirak edir.

Onlar ölkə birinciliklərinin bütün liqalarında təmsil olunan yeganə klubdur. Teymur Eyvazovu dinləyək:

“Əvvəla “Baku Fire” kollektivi və bütün futzal azarkeşləri adından saytınıza futzala ayırdığınız diqqətə görə dərin təşəkkürümü bildirmək istəyirəm.

Futzal haqqında yazılar, məlumatlar çox olduqca, bu oyuna maraq da artır, azarkeş də çoxalır və beləliklə, ölkəmizdə bu idman növünün populyarlaşması daha da sürətlənir.

Bildiyiniz kimi, “Baku Fire” olaraq ilk növbədə məqsədimiz Azərbaycan futzalına layiqincə xidmət etmək, milli komandaya oyunçular yetişdirmək, gənclərə bu oyunu sevdirməkdir.

Bu səbəbdən, hər il olduğu kimi, bu mövsümdə də bütün liqalarda “Baku Fire” adı altında komandalarımız iştirak elədi.

İkinci liqada mübarizə aparan komandamız əsasən təcrübəli və bir neçə ildir bizimlə bərabər olan oyunçulardan təşkil olunmuşdu.

Hüseynağa Hüseynovun rəhbərlik etdiyi “Baku Fire-3” ikinci liqada mövsümü 3-cü yerdə başa vuraraq, bürünc medallara layiq görüldü.

Fürsətdən istifadə edib, bütün komanda üzvlərini, xüsusilə əvvəllər də “Baku Fire”ın şərəfini qorumuş Hüseynağa Hüseynovu göstərdikləri uğurlu nəticə ilə təbrik eləyirəm.

Birinci liqada “Baku Fire”ın gələcəyi hesab etdiyimiz və sırf gənc futzalçılardan təşkil olunmuş komandamızın güclü və təcrübəli rəqiblərlə mübarizədə yarışı ilk 10-luqda tamamlamasını uğur sayırıq.

Bu oyunçuların mümkün qədər çox oyun keçirmələri bizim üçün vacib amillərdən biridir. Çünki yaxın gələcəkdə onların peşəkar səviyyədə oyun göstərməsi üçün məhz oyun praktikasının çox olması lazımdır”.

Gənc mütəxəssis bildirib ki, Futzal Federasiyası gənclərin daha çox oyun təcrübəsi yığması məqsədilə U-19 millisinin Yüksək Liqada iştirakına şərait yaradıb.

Məlumat üçün bildirim ki, bir neçə gənc oyunçumuz U-19-un tərkibində oynayırdı. Əlbəttə, yaxşı olardı ki, hər bir futzal klubu milli üçün oyunçu yetişdirməyi özü üçün bir öhdəlik olaraq qəbul etsin, bununla öyünsün.

İstərdim ki, bütün klublar gənclərə kifayət qədər şans versin, təcrübə qazandırsın. Beləliklə də, milli komandaya oyunçular normal olaraq klublardan seçilsin“.

T.Eyvazov bildirdi ki, Yüksək Liqada 2021/2022 futzal mövsümü “Baku Fire” üçün yaddaqalan olub:

“Artıq bir neçə ildir Azərbaycan futzal elitasında dəyişməyən ilk 3-lük sayılan “Araz“,“Neftçi“ və EKOL komandaları ilə apardığımız maraqlı mübarizə, onların hər birindən aldığımız xallar bizim üçün dəyərlidir.

Bu oyunlarıdan qazandığımız təcrübənin əvəzedilməz olduğunu hesab edirəm.

Ölkə kuboku uğrunda yarışlarda hər zaman olduğu kimi, bu dəfə də titul qazanmağı qarşımıza məqsəd qoymuşduq.

Təəssüf ki, ¼ finalda “Neftçi İK” ilə qarşılaşma böyük hesab üstünlüyümüzə baxmayaraq, nəticəyə birbaşa təsir edən yanlış hakim qərarları nəticəsində rəqibin qələbəsi ilə başa çatdı.

Verilməyən penaltilərimiz, şübhəli qırmızı vərəqələr son nəticədə “Baku Fire”ın qərəzli hakim idarəetməsi səbəbindən kubok uğrunda yarışdan kənarda qalmasına səbəb oldu.

Federasiyaya hakim səhvləri ilə bağlı dəfələrlə video-sübutlu şikayətlər, müraciətlər etmişik. Məqsədimiz çempionatın və kubok oyunlarının ədalətli şəkildə keçirilməsidir.

Hər zaman demişik ki, qoy güclü olan qazansın. Neqativ hallardan çox danışmaq istəməzdim. Amma istərdim bəzi məqamları da qısaca qeyd edim.

Futzala olan marağı artırmaq üçün komanda sayının artırılması da şərtdir. Say xətrinə yox, ciddi və sağlam rəqabət apara biləcək klubları Yüksək Liqaya cəlb etmək lazımdır.

Futzal Federasiyasının rəhbərliyinə bu yöndə işlərin aparılmasını xahiş edirəm.

Yüksək Liqada hansısa komandanın yarışlar başa çatmadan oyunlara gəlməməsi çempionatımızın səviyyəsinə mənfi təsir göstərir.

Bu kimi halların növbəti mövsümlərdə təkrarlanmaması üçün indidən müəyyən addımlar atılması şərtdir“.

Müsahib qeyd edib: “Baku Fire” olaraq hər zaman Azərbaycan futzalının inkişafı üçün əlimizdən gələni əsirgəməməyə çalışırıq və bu yöndə federasiya əməkdaşları ilə müzakirələr aparmağa hazırıq.

Keçirdiyimiz bu çətin, lakin çox maraqlı futbol mövsümündə bütün oyunçularıma, komandanın ikinci məşqçisi Vladislav Ledyayevə, həmçinin bütün azarkeşlərimizə və klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm“.

SPORTİNFO.AZ

Xəbər Lenti