Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli iki həftədir Rusiyadadır.
Ötən ay Nijni Novqorod “Torpedo”su ilə müqavilə bağlayan təcrübəli qolkiper yeni komandasına qoşulsa da, hələ ki, debüt etməyə imkan tapmayıb.
Buna səbəb onun komandasının “Dinamo”(Samara) (5:0) ilə görüşdə texniki qələbə qazanmasıdır. Hazırda “Torpedo” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Rövşən Sportinfo.az-a açıqlamasında “Torpedo”dakı durumundan söz açaraq, rəsmi oyunda şans qazanacağı dönəmdən danışıb:
“Bura gələndən sonra bir gün istirahət edib, dərhal məşqlərə başladım. Həm fərdi qaydada, həm də komanda ilə çalışmaları davam etdirirəm.
Bildiyiniz kimi, futzal taktiki məşqlər üzərində qurulub. Ona görə də daha çox taktiki çalışmalara önəm verirəm.
Komanda pressinqdən necə çıxır, müdafiə olunanda hansı üslubdan istifadə edir, standart vəziyyətlər zamanı mövqelər necə bağlanır – bu və digər məqamların üzərində işləyirik.
Komandaya daha tez uyğunlaşmağım üçün bunları bilməyim vacibdir. Qarşıdan pley-off oyunları gəlir. Həmin matçlarda komandaya kömək etmək üçün əlimdən gələni edirəm”.
Rövşən Hüseynli “Torpedo” ilə bu ilin yayına qədər müqavilə bağlayıb.
HƏBİB

