Azərbaycan Futzal Federasiyası millinin baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşmır.
Bu barədə Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.
Onun sözlərinə görə, federasiyanın Joze Alesio da Silva ilə mayın sonuna qədər müqaviləsi var.
“O, həm millidə, həm də “Araz”da fəaliyyətini davam etdirir. Federasiya prezidenti Zaur Axundov ilə görüşə gəldikdə, rəhbərlik özü də orada idi, millinin çıxışını izləyirdi.
Görüş olacaq. Yaxın vaxtlarda federasiya prezidenti baş məşqçinin hesabatını qəbul edəcək.
Qarşıda rəsmi oyunlar yoxdur deyə, bu görüşün təcili keçirilməsi vacib deyil. Amma planda var”.
Milli komanda Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində uğurlu çıxış edə bilməyib. D qrupunun III turunda yer alan kollektiv qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzub, ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
Sonuncu turda Bosniya və Herseqovinanı sınağa çəkən yığmamız 4:2 hesablı qələbə qazansa da, pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

