"Tümen"ə keçidimdən məmnunam, Rusiya çempionunun təklifi təkcə maddi şərtlərə görə cəlbedici olmadı".
Sportinfo.az xəbər verir ki, bunu İspaniyanın “Palma Futsal” klubundan Rusiya təmsilçisinə keçən Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
29 yaşlı hücumçu peşəkar və iddialı klubla anlaşdığını söyləyib: "Bu komanda hər mövsüm çempion olmaq uğrunda mübarizə aparır, mütəmadi olaraq UEFA Çempionlar Liqasında iştirak edir.
Bu məqamlar da təklifi müsbət dəərləndirməyimdə həlledici oldu. Danışıqlar Avropa çempionatının final mərhələsindən əvvəl başlamışdı.
Ancaq müqavilədəki müvafiq bəndə uyğun olaraq, vaxtından əvvəl klubdan gedəcəyim təqdirdə kompensasiya ödəməli idim. Buna görə danışıqlar bir müddət donduruldu.
Ancaq Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsindəki uğurlu çıxışım, vurduğum qollar məsələni yenidən aktuallaşdırdı. Yekun isə ortadadır. Lazım olan məbləğ ödənildi və “Tümen”ə keçdim".

