“Neftçi” Premyer Liqada məğlubiyyətləri sıralamaqda davam edir.
“Ağ-qaralar” 3 turdur ki, meydandan xalsız ayrılır.
Öncə derbidə “Qarabağ”a yenik düşən paytaxt təmsilçisi davamında “Keşlə” və “Sabah”a boyun əydi. Maraqlıdır ki, Samir Abasovun komandası son iki qarşılaşmanın gedişində hesabı açan tərəf olsa da, üstünlüyünü qoruya bilməyib.
Yaranmış vəziyyət azarkeşləri təlatümə gətirib. Fanatlar istər klub rəhbərliyini, istərsə də məşqçi korpusunu istefaya səsləyir. Bu üzdən az öncə bitən matçda tribunalar “istefa” şüarları səsləndirib.
Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi təcili toplantı keçirməyə hazırlaşır. Burada əsas müzakirə mövzusu, təbii ki, komandanın bərbad çıxışı və Samir Abasovun məsələsidir.
Düzdür, baş məşqçi postundan istefa verməyə tələsmir və deyərdik ki, bunu heç ağlının ucundan da keçirmir, ancaq idarəçilərdən hər cür qərar gözləniləndir.
Yaddan çıxarmayaq ki, "Neftçi"nin Müşahidə Şurasının (MŞ) üzvü Zaur Qəhrəmanov Azərbaycan Premyer Liqanın IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazıb.
Bu, elə-belə, təsadüfən ağıla gələn, yəni, bir məğlubiyyətin təsiri ilə yazılan fikir deyil.
Və onu da unutmayaq ki, Z.Qəhrəmanov “Neftçi”də əsas söz sahibidir, onun qarşısına çıxa bilən, dediyinin əksini edən kimsə yoxdur.
Qəhrəmanovun kəlməsi burada qanun əvəzi qəbul olunur.
SPORTİNFO.AZ