Yığmamız İtaliya ilə bir səbətə salındı – AÇ püşkatması

6 Oktyabr 2021 14:40 Futzal 901
Yığmamız İtaliya ilə bir səbətə salındı – AÇ püşkatması

Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü oktyabrın 18-də atılacaq.

Azərbaycan Futzal Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, 2022-ci il yanvarın 19-da start götürəcək həlledici raund ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Zeist şəhərində təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək.

Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək.

Bu isə o deməkdir ki, Azərbaycan millisi Xorvatiya, İtaliya və Serbiya - Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.

1-ci səbət

İspaniya, Rusiya, Portuqaliya, Qazaxıstan

2-ci səbət

Xorvatiya, Azərbaycan, Serbiya / Belarus, İtaliya

3-cü səbət

Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa

4-cü səbət

Finlandiya, Slovakiya, Gürcüstan, Niderland

Avropa çempionatına 2022-ci il fevralın 6-da yekun vurulacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.

Xəbər Lenti