Naxçıvan klubunun baş məşqçisi: “Onlar debütandır, amma “turist” deyil"

8 İyul 2021 22:40 Futzal 507
Naxçıvan klubunun baş məşqçisi: “Onlar debütandır, amma “turist” deyil"

“Rəqiblərimiz bu mərhələnin ən güclü komandalarıdır.

Digər qruplara baxıram, orada 2 güclü klub yer alıbsa, bizim qarşılaşacağımız iştirakçıların azı üçü iddialıdır.

“Araz-Naxçıvan” kimi, Latviya və Finlandiya təmsilçiləri də mübarizəni növbəti mərhələdə davam etdirmək istəyirlər. Cəbəllütariq təmsilçisi isə debütandır, amma “turist” deyil".

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının püşkünü dəyərləndirərkən deyib.

“Raba” haqda az da olsa məlumatım var. Bilirəm ki, onlar Latviyanın son çempionudurlar. Yaxşı komandadır. Heyətində 5 braziliyalı futzalçı yer alıb.

Ola bilsin, bizimlə oyuna qədər bu say artsın. Həmin əcnəbi oyunçular demək olar, iki ildir bir yerdə çıxış edirlər.

Baş məşqçiləri də kifayət qədər təcrübəlidir. Finlandiya təmsilçisinə gəldikdə, bu klubun əksər üzvü milli komandanın formasını geyinir.

Yəni “Kampuksen Dinamo” Finlandiya millisinin bazası hesab olunur. Bu ölkənin yığmasının da son illərdəki çıxışı haqda ancaq xoş sözlər demək olar.

Komanda Avropa çempionatının final mərhələsində çıxış edəcək. Əlbəttə, həm “Raba”a, həm də “Kampuksen Dinamo” ilə görüşlər çox çətin keçəcək" - deyə o bildirib.

"Araz Naxçıvan" F qrupunda “Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq.

Xəbər Lenti