Yığmamızın baş məşqçisi problemləri etiraf etdi

13 Aprel 2021 16:40 Futzal 1 013
Yığmamızın baş məşqçisi problemləri etiraf etdi

“Hazırlığa başlayan zaman bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan da Silva həm Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə heç-heçə nəticələnən (1:1) oyun, həm də hazırlıq barədə fikirlərini bölüşüb:

“Slovakiyalılar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq.

Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əlehimizə işlədi. Təxminən 13 saat yolda olduq.

Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi”.

Baş məşqçi Yunanıstanla sabah keçiriləcək oyunöncəsi problemlərinin olduğunu etiraf edib:

“Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar veriləcəyik.

Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar”.

Da Silva futzalçılarla söhbətlər aparıldığını əlavə edib: “Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz.

Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu