Rəşad Sadıqovun "oylağı" - Super Liqa televiziyadan gözəldir

8 İyul 2020 21:20 Fransa 1 131
Rəşad Sadıqovun "oylağı" - Super Liqa televiziyadan gözəldir

Son günlər “Beşiktaş”ın Azərbaycandan futbolçu transfer edəcəyi barədə xəbərlər yayılmaqdadır.

Sportinfo.az xəbər verir ki, apasport.az futbol tariximizə nəzər salıb, təmsilçilərimizin qonşu ölkənin yüksək dəstəsi olan Super Liqadakı macəralarına göz gəzdirib.

Türkiyədə çıxış edən futbolçularımız çox olsa da, Super Liqada şans qazananları barmaqla saymaq olar. Onların göstəriciləri də öyünməyə əsas vermir.

Gəl-gəl deyən çox olar
Azərbaycanın müstəqillik əldə etməsindən sonra qonşu Türkiyə ilə qardaşlıq əlaqələri qurması idmandan da yan ötmədi. Milli və klub komandalarımızın hazırlıq üçün qonşu ölkəyə üz tutması bir yana, Super Liqa da azarkeşlərimizin böyük marağına səbəb oldu. AVRO-1996-nın ev oyunlarını Bakıda keçirə bilməyən əsas milli də matçlarını Trabzonda keçirdi. Burada 5 matçda meydana çıxan və cəmi 1 xal toplayan yığma üzvlərinin belə zəif nəticələrdən sonra inkişaf yoluna yeni qədəm qoyan Türkiyə klublarına keçidi inandırıcı deyildi. Hərçənd dəfələrlə həmin dövrdə oynamış futbolçular belə təkliflər aldığını vurğulayıb. Amma fakt odur ki, heç bir keçid reallaşmayıb. Görünür el arasında yayılmış “gəl-gəl deyən çox olar” məsəli burada da özünü göstərib. Millinin matçlarına gələn az sayda tamaşaçı arasında olan seleksiyaçılar da əsasən rəqibləri izləyib.

Bir oyunda doğan ümid Günəşlə yarım saata söndü
1996-cı ildə Azərbaycan millisi ilk dəfə Bakıda meydana çıxdı. Apreldə Türkiyə ilə keçirilən yoxlama oyunu cinahda özünü yaxşı tərəfdən göstərən Vyaçeslav Lıçkinin seleksiyaçıların diqqətini çəkməsi ilə nəticələndi. Yarımmüdafiəçi yayda “Trabzonspor”a yollandı. Şenol Günəşin baş məşqçisi olduğu komanda onunla iki illik müqavilə imzaladı. 1996/97 mövsümünün əvvəlində Lıçkinin debütü də baş tutdu. O, avqustun 9-da doğma “Avbi Aker”də “Altay”ı qəbul edən Trabzon təmsilçisinin heyətində meydana çıxdı. Ahmet Çakarın idarə etdiyi görsün 60-cı dəqiqəsində Kazım Nası əvəzləyən futbolçumuzu bir də Super Liqada görən olmadı. İndiyədək onu klub tarixinin ən uğursuz transferlərindən sayırlar.

Abdullayev və komandası
Cığıraçanın uğursuzluğa düçar olması türkiyəlilərin futbolçularımıza minimuma bərabər inamının da üstündən xətt çəkdi. Növbəti dəfə oyunçumuzu Super Liqada görmək üçün baş məşqçimizin orda olması zərurəti yarandı. 1999-cu ilin oktyabrında “Ərzurumspor”un baş məşqçisi təyin olunan Ruslan Abdullayev komandasını 1999/2000 mövsümündə Super Liqada saxlaya bildi. 2000/01 mövsümünün əvvəlində yeni müqavilə imzalayan mütəxəssis köməkçiləri ilə yanaşı, futbolçular Vidadi Rzayevlə Nadir Şükürovu da qonşu ölkəyə apardı. Artıq 2000-ci ilin avqustunda müqaviləsinə xitam verilən baş məşqçi kimi oyunçuların da karyerası uğursuz alındı. Nadir sifariş oluna bilmədiyindən debüt imkanı qazanmadısa, Vidadi iki çempionat görüşündə meydana çıxdı. İlk iki turda “Trabzonspor”a 1:3, “Qalatasaray”a 0:7 hesablı məğlubiyyət təmsilçilərimizin Türkiyə macəralarına son qoydu.

Ən yaxşımızın üç uğursuz cəhdi
Azərbaycan futbolunun müstəqillik illərində yetişdirdiyi ən yaxşı futbolçunun Rəşad Sadıqov olması şübhə doğurmur. Aşağı səviyyəyə malik futbolumuzda fərqlənməsi onun daha güclü liqalarda oynaması üçün yetərli deyildi. Müdafiəçi karyerası ərzində üç dəfə Super Liqada özünü sınasa da, müxtəlif səbəblərdən uğursuzluqla üzləşib. 2005/06 və 2006/07 mövsümlərində kifayət qədər iddialı “Kayserispor”da özünü yaxşı tərəfdən göstərən Rəşad avrokubok həyəcanı da yaşamağı bacardı. Super Liqada 10 matç keçirən müdafiəçi oynamalı olduğu mövqe ilə bağlı məşqçilərlə anlaşa bilmədiyindən vətənə döndü. 2008/09 mövsümünün ikinci yarısında “Kocaelispor”un aparıcı simasına çevrilən Sadıqovun orada qalmasına komandasının aşağı liqaya yuvarlanması səbəb oldu. Yeri gəlmişkən, həmin mövsümdə Ramal Hüseynov da Kocaeli təmsilçisində debüt etdi və ilk oyundaca qol hesabını açdı. Lakin bütün bunlar onları digər Super Liqa klubuna apara bilmədi. Rəşad 2010/11 mövsümündə sonuncu dəfə Türkiyəyə üz tutdu. “Əskişəhərspor”da cəmi 5 matça çıxan futbolçunun Super Liqa karyerası ümumilikdə 31 qarşılaşma ilə tamamlandı. Normalda bir oyunçunun elə bir mövsümdə keçirə biləcəyi sayda olan bu rəqəm Azərbaycan futbolu üçün rekorddur. Bu da futbolumuzun real səviyyəsini göstərir. Ən yaxşımız bundan artığına nail ola bilməyibsə, digərlərindən nə gözləyəsən? Təbii ki, zədə, məşqçilərlə fikir ayrılığı, aşağı dəstəyə yuvarlanma kimi səbəblər də var. Amma futbolumuzun ümumi səviyyəsinin aşağı olması daha tutarlı səbəbdir. Bəlkə də futbolçularımız üçün də Super Liqa elə televiziyadan gözəldir.

“Fənərbaxça”nın yetirməsi
Ailəsi ilə birlikdə Türkiyədə yaşadığından “Fənərbaxça”nın aşağı yaş qruplarında yetişən İlqar Qurbanova ümidlər böyük idi. Onun Super Liqada bizləri sevindirməsinə isə özü əngəl oldu. 2004-cü ilin yayında vətənə dönən futbolçu böyük perspektivin üstündən xətt çəkdi. Sonradan Türkiyə klublarında yenidən özünü sınayan İlqar Super Liqada bir dəfə peyda oldu. Bu da 2007/08 mövsümünə təsadüf etdi. “Sivasspor”da 11 matça çıxan Qurbanov təmsilçilərimizin Super Liqadakı ilk qoluna da imza atdı. O, 2007-ci il noyabrın 10-da “Beşiktaş”la səfər matçında fərqləndi.

Bizim olmayan bizimkilər
AFFA-nın futbolun inkişafı üçün seçdiyi milliləşdirmə sayəsində Türkiyə çempionatında daim təmsilçimiz olub. Bizim olmayan xarici futbolçular Super Liqada ölkəmizi təmsil edib. Onlardan bəziləri qonşu ölkədə oynadıqdan sonra milliləşib, bəziləri isə Azərbaycanı seçdikdən sonra Super Liqada meydana çıxıb. Lakin Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara, Dəniz Yılmaz kimi Almaniya türklərinin və ya braziliyalı Ernani Pereyranın futbolumuza bağlılığının yalnız milli forma geyməkdən ibarət olması sirr deyil.

Yadlar içində doğma və ya Trabzonda başladı, Trabzonda bitdi
Əslində, Ramil Şeydayev də Azərbaycan futbolunun yetirməsi deyil. Rusiyalı futbolçuya sonradan Azərbaycan vətəndaşlığı verilərək yığmamıza cəlb olunub. Lakin kökləri ölkəmizə bağlı olan hücumçu yadlar içində daha doğmadır. Məhz onu Türkiyə Super Liqasında oynamış sonuncu təmsilçimiz saymaq olar. Maraqlıdır ki, Lıçkinin başladığı Türkiyə macəralarımız eyni klubda – “Trabzonspor”da başa çatıb. Ramil 2016/17 mövsümündə 10 çempionat matçına çıxsa da qol hesabını aça bilməyib. Düzdür, forvard kubokda fərqlənib. Amma Super Liqada uğursuz oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti