"Səbail"də QARA ƏMƏLİYYAT - 6 futbolçu düşərgədən atıldı

19 Mart 2019 18:12 Əvəzedicilər 1 593
"Səbail"də QARA ƏMƏLİYYAT - 6 futbolçu düşərgədən atıldı

«Səbail»də baş verən xoşagəlməz hadisələr bir-birini əvəzləməkdədi.

Əsas komandayla yanaşı, əvəzedici heyətn düşərgəsində də proseslər nəzarətdən çıxıb.

Klub rəhbərliyi 6 futbolçunun I Divizionda mübarizə aparan kollektivdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Bunlar Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovdu.

«Səbail» adı ən çox danışılmış oyunlarda hallanan klubların «reytinq cədvəli»nə başçılıq edir.

Yarandığı gündən az sonra belə iyrənc söz-söhbətlər «dənizçilər»i təqib eləyir. UEFA-dan AFFA-ya göndərilən serkulyar məktubların bir neçəsində «Səbail-2»nin adı çəkilir.

Yaxınlarda xəbər vermişdik ki, Siyasət Əsgərovun çalışdırdığı komandanın «Ağsu» ilə səfərdə keçirdiyi matç ciddi şübhələr yaradıb.

I Divizionun 17-cu turu çərçivəsində keçirilən görüş «dənizçilər»in səfər qələbəsiylə başa çatıb - 3:4. Rüfət Qultyevin «Ağsu»dan uzaqlaşdırılmasını rəsmiləşdirən oyunda hesabı meydan sahibləri açıb.

Elnur Səmədovun fərqlənməsinə cavab olaraq «Səbail-2» fasiləyədək 4 qol vuub. İkinci hissədə isə aranlılar adını daha 2 dəfə tabloya yazdırıb.

Sərxan Əhmədli, Ramil Orucov, Miremil Həsənov, Rubin Seyidov və Ürfan İsmayılov bu matçdan sonra rəhbərliyin «qara siyahı»sına düşüb.

«Qarabağ-2» ilə qarşılaşmadan öncə iclas keçirilib. İcraçı direktor Ramin Həsənovun drijorluq etdiyi toplantı səs-küylü keçib.

Həm o, həm də baş məşqçi adları çəkilən futbolçuların danışılmış oyunlara getməsi barədə qulaqlarına xəbər çatdığını iddia edib.

Maraqlıdı ki, onlardan İsmayılov komandanın kapitanıdı. Əhmədli ilə Orucov Ağsuda 90 dəqiqə meydana çıxıbsa, qapıçı Miremil Həsənov 45+5-ci dəqiqədə Mövlan Kərimovu əvəzləyib.

Cəzalı Rubin Seyidovun «təqsir»i isə odu ki, səfər qafiləsində yer alıb və tribunada əyləşərək kimlərləsə telefonla danışıb.

Bilinmir kimlərlə əlaqə saxlayıb və nə söhbət edib. Telefonu qulağına yaxınlaşdırması kifayət eləyib ki, rəsmilər ondan şübhələnsin və haqqında rəvayət uydursun.

Bu xəmir hələ çox su aparacaq. Ramin Həsənov Maykl Essyenlə özünü reklam edir, son günlər az qala teleulduz olub, Aygün Kazımova ilə qiyabi rəqabətə girişib.

Gəl ki, tezliklə əsas komandanın formasını geyinməli olan gənc futbolçularla bağlı strategiyanı düzgün qura bilmir.

Siyasət Əsgərovun «Pro» kateqoriyası ola bilər, a o, nə vaxtın məşqçisidi? Küçədə daşı hara atsan, gedib cibində «Pro» gəzdirən adama dəyəcək.

«Səbail» kimi yeni yaranmış, iddiasını ildən-ilə artıran klubun sabahını Əsgərov kimi təsadüfi kadrların ümidinə buraxmaq futbola təhqirdi.

Bir məşqçini ki bığ yeri yenicə tərləmiş futbolçular saya salmır, onu saxlamağın adı, mənası, məqsədi nədi?

Sadəcə, sözəbəxan olmasına, vaxtında xəbər gətirib, xəbər daşımasına görəmi?

SPORTİNFO.AZ

Xəbər Lenti