Futbolda qarşılıqlı hörməti kimlər məhv etdi? - 90 illik adət

6 Aprel 2020 16:56 Dünya futbolu 627
Futbolda qarşılıqlı hörməti kimlər məhv etdi? - 90 illik adət

Futbol oyunlarının ənənəvi adətlərindən biri də qarşılaşmadan sonra oyunçuların formalarını dəyişməsidir.

Bəs bu adət ilk dəfə necə formalaşıb?

1931-ci ildə Fransa yığması İngiltərə ilə qarşılaşıb. Oyun fransızların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Fransanın İngiltərə üzərində ilk qələbəsi olub.

Oyundan sonra fransızlar rəqibdən formaları dəyişməyi xahiş ediblər. Həmin vaxtdan yaranan bu adət həm də qarşılıqlı hörmətin təzahürü kimi formalaşıb.

Ancaq futbol tarixində bu tendensiyanın əksi də baş verib. Onlardan biri də 1966-ci ildə keçirilən dünya çempionatında oynanılan İngiltərə - Argentina arasındakı qarşılaşmada olub. Folklend adalarına görə bu ölkələr arasında siyasi münasibət həmişə gərgin olub.

DÇ-1966-da İngiltərə 1/4 finalda Argentinaya qalib gəlib. Qarşılaşmadan sonra futbolçular formaları dəyişmək istəyiblər. Bu vaxt İngiltərə yığmasının baş məşqçisi Alf Remsi meydana qaçaraq formaları dəyişməyi futbolçularına qadağan edib.

Argentina 20 il sonra – DÇ-1986-da Maradonanın əllə vurduğu qolla ingilislərin bu kobudluğuna cavab verib.

Zaman keçdikcə forma dəyişməsi adətində qarşılıqlı hörmət anlayışı itir. Bu da çox zaman azarkeşlərin təzyiqi üzündən baş verir. “Arsenal”ın sabiq futbolçusu Andre Santos məhz bu təzyiqin qurbanı olub.

2010-cu ildə “Mançester Yunayted” “Arsenal”la qarşılaşırdı. İlk hissədən sonra MY 1:0 hesabı ilə qalib gəlirdi. Qolu da bir müddət əvvəl “Arsenal”dan “Mançester Yunayted”ə keçən Robin van Persi vurmuşdu.

Fasilədə Santos Van Persidən formasını istədi. Bu da “Arsenal”ın fanatlarını bərk qəzəbləndirdi. Onlar futbolçunun bu hərəkətini satqınlıq kimi qəbul etdilər.

Məhz bu istəyi Santosun karyerasını məhv etdi. Mənəvi və psixoloji cəhətdən sındırılan futbolçu özünü “Arsenal”da heç cür göstərə bilmədi və “Qremio”ya icarəyə verildi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti