“Əl-Hilal”ın hücumçusu Kərim Benzemanın komandadan mümkün ayrılığı ilə bağlı vəziyyət Səudiyyə Ərəbistanı klubunun transfer planlarını ləngidir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Əl-Hilal” fransalı forvardla yolları ayırmaq istəyir və artıq onun əvəzləyicisini də müəyyənləşdirib.
Klubun namizədləri arasında “Aston Villa”nın hücumçusu Uolli Uotkins də var. Tərəflər arasında şəxsi müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunsa da, transfer hazırda dayanıb.
Buna səbəb Benzemanın müqaviləsinin yalnız futbolçu ilə klub arasındakı münasibətlərdən ibarət olmamasıdır.
Belə ki, hücumçuya ödənişlərin bir hissəsi dövlət strukturları vasitəsilə həyata keçirilir. Bu səbəbdən, müqaviləyə xitam verilməsi üçün liqanın və aidiyyəti qurumların razılığı tələb olunur.
Benzema isə müqaviləsinin son ili üzrə bütün ödənişləri almaqda israrlıdır. O, bundan sonra azad agent kimi komandadan ayrılmaq istəyir.
Bu tələb isə nə “Əl-Hilal”ı, nə də liqa rəhbərliyini və Səudiyyə Ərəbistanı hakimiyyətini qane edir.
38 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının imic layihəsinin mühüm hissələrindən biri hesab olunur.
Bu səbəbdən, məsələdə idman, iqtisadi və siyasi maraqların kəsişməsi problemin həllini çətinləşdirir. Nəticədə, “Əl-Hilal” Benzema məsələsini həll etmədən transfer bazarında növbəti addımlarını ata bilmir.
Benzema 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib.
