Seneqal Afrika Millətlər Kubokundakı (AFCON) çempionluq titulundan məhrum edilib və kubok rəsmi qərarla Mərakeşə təqdim olunub.
Sportinfo.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi 18 yanvarda keçirilmiş final matçında baş verən qalmaqallı hadisələrdən sonra görünməmiş qərar qəbul edib.
Həmin görüşdə Seneqal futbolçuları ev sahibi Mərakeşin xeyrinə verilən penalti qərarına etiraz olaraq meydanı tərk etmişdi.
Qarşılaşma zamanı yaranan gərginlik fonunda Seneqal sonradan meydançaya qayıtsa da, təyin olunmuş penalti qaçırılmış və oyun əlavə vaxta gedərək, Seneqalın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Lakin finaldan 58 gün sonra verilən qərara əsasən, Mərakeşin apellyasiya şikayəti təmin olunub. Nəticədə matç Seneqalın texniki məğlubiyyəti (3:0) kimi qeydə alınıb və çempionluq Mərakeşə verilib.
CAF sözçüsü bildirib ki, qərara əsasən, Seneqal millisinin hərəkətləri təşkilatın intizam qaydalarının 82-ci maddəsinin pozulması kimi qiymətləndirilib və komanda final nəticəsindən məhrum edilib.
Apellyasiya qərarı ilə yanaşı, bir sıra digər dəyişikliklər də edilib. Belə ki, mərakeşli futbolçu İsmael Saibariyə verilmiş cəza ləğv olunub və sanksiyalar yüngülləşdirilib.
Bəzi oyunçulara tətbiq edilən cərimələr azaldılıb. Mərakeşin VAR zonasına müdaxilə ilə bağlı şikayəti rədd edilib və federasiya 100 min dollar cərimələnib.
Rabatda keçirilən qarşılaşmanın 98-ci dəqiqəsində Seneqal futbolçuları həm əvvəlki qol epizoduna, həm də sonradan verilən penaltiyə etiraz edərək meydanı tərk etmişdi.
Azarkeşlərin də meydana daxil olmağa cəhd etməsi ilə vəziyyət nəzarətdən çıxmış, oyun təxminən 17 dəqiqə dayandırılmışdı.
Daha sonra komanda liderlərindən biri olan Sadio Mane futbolçuları geri qayıtmağa razı sala bilmişdi.
Matçda Mərakeşin heyətində Brahim Diaz penaltini yerinə yetirsə də, qapıçı Eduard Mendi zərbəni dəf etmişdi. Əlavə vaxtda isə Pape Guyenin qolu Seneqala qələbə qazandırmışdı.

