Cənubi Amerika və Avropa çempionlarının qarşılaşacağı Finalissima oyununun harada keçiriləcəyi ilə bağlı müzakirələr davam edir.
Regionda hərbi gərginlik olduğu üçün matçın Qətərdə keçirilməsinin təhlükəsiz olmadığı bildirilir.
Bu səbəbdən, oyunun Madriddəki “Santyaqo Bernabeu”da təşkil olunması variantı gündəmə gəlmişdi.
Məlumata görə, belə bir təklif UEFA tərəfindən irəli sürülmüşdü və burada Avropa çempionu İspaniya millisi ilə Amerika kubokunun qalibi Argentina yığması qarşılaşacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası Madriddə oynamaqdan imtina edib.
Qurumun bu qərarı yaxın vaxtlarda CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) tərəfindən rəsmi şəkildə UEFA-ya çatdırılacaq.
Bildirilir ki, matçın Madriddə keçirilməsi halında meydan sahibi amili İspaniya millisi üçün üstünlük yarada bilər. Bu səbəbdən də argentinalılar bu variantla razılaşmayıblar.
Beləliklə, görünən odur ki, Argentina millisinin kapitanı Lionel Messi “Real”ın stadionunda meydana çıxmayacaq. Finalissima martın 27-də keçiriləcək.

