
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala uşaqlıqda hansı futbolçuların ona ilham verdiyini açıqlayıb.
Sportinfo.az “The Athletik”-ə istinadən xəbər verir ki, o, kumirlərindən danışıb:
“Uşaqlıqda kumirlərimi üzlüklərdə, manşetlərdə görürdüm. Nə vaxtsa onların yerində olmağım qeyri-mümkün görünürdü.
Oyunu dostlarım, atam və bacımla oynayırdım. Bu oyunçular – Ronaldinyo, Lionel Messi, Neymar, Kriştiano Ronaldo mənim gözümdə əlçatmaz idi.
Onların oyununu seyr edirdim, sonra bağçaya və ya parka gedirdim, konusların ətrafında topla driblinq edir, onlardan nə öyrənə biləcəyimi görməyə çalışırdım. Beləliklə, bu mənim üçün böyük bir andır, bir xəyal gerçəkləşdi.
Uşaqlıqda mənə sevinc və həyəcan gətirən oyunçuları izləməyi çox sevirdim. Bu cür oyunçu olmaq istəyirdim.
Mən sadəcə topun yanında olmaq istəyirdim. Azad olmaq, xoşbəxt olmaq, əylənmək və rəqibi məğlub edəcək bacarıq və texnikaya sahib olmaq istəyirdim”.
22 yaşlı futbolçu Klublararası dünya çempionatının 1/4 finalında PSJ-yə qarşı keçirilən oyunda qapıçı Canluici Donnarumma ilə toqquşduqdan sonra zədələnib. O, 4-5 ay meydandan uzaq qala bilər.