Yığmanın baş məşqçisi haqqını tələb edən yetirmələrini qınadı

11 May 2020 19:04 Digər növlər 451
Yığmanın baş məşqçisi haqqını tələb edən yetirmələrini qınadı

Novruz bayramı ərəfəsində ölkə idmanını silkələyən olay yaşandı. Ağır atletika yığmamızın üzvləri federasiyaya qarşı “üsyan bayrağı” çəkdilər.

Redaksiya ilə əlaqə saxlayan idmançılar maaşla bağlı çox ciddi problem yaşandığını diqqətimizə çatdırdılar.

Bundan bir neçə gün sonra isə federasiya tərəfindən özünümüdafiə yüklü bəyanat yayıldı. Əlbəttə, iki-üç ağırlıqqaldıran şikayət etsəydi, federasiyaya hardasa haqq qazandırmaq olardı.

Amma yığmanın bütün üzvləri eyni problem(lər)i qabardırsa, tərəzinin onlar olan hissəsi daha “ağır basır”, əlavə şərhə ehtiyac qalmır. Bununla belə, məsələ ilə bağlı yığmanın baş məqşçisinə də tribuna verməyi məqsədəuyğun saydıq. Asif Məmmədov haqqını tələb edən yetirmələrini qınadı.

- Karantin müddəti necə keçir sizin üçün? Evdən kənara çox çıxırsız?
- Öncə sizə bir məsələni deyim ki, mən hazırda Bakıda deyiləm. Daimi yaşayış yerim İsmayıllı rayonudu, hazırda da burdayam. Yığmanın təlim-məşq toplanışları zamanı Bakıya gedirəm. Orda ailəmlə bazada və ya kirayə qalırdıq. Pandemiya ilə bağlı uzun müddətdi ki, İsmayıllıda evimdəyəm. Karantin müddətində əsasən evdə oluram. Yalnız nəsə lazım olanda SMS-icazə ilə kənara çıxıram.

- Əksər idman növlərinin nümayəndələri ev şəraitində olsa belə, məşqlərindən qalmırlar. Maraqlıdı, sizdə bu məsələ necə tənzimlənir?
- Ağır atletika avadanlıqlarının evdə quraşdırılması faktiki mümkün deyil. Məşq üçün ağırlıq daşları, “körpücük”, rezin döşəmələr və sair tələb olnur. İstəsən belə, ev şəraitində heç cür alınmır.

- Novruz bayramı ərəfəsində milli komandanın üzvləri maaşla bağlı ciddi problemlə üzləşdiklərinə görə ayağa qalxdılar. Baş məşqçi olaraq bu məsələ haqda mövqeyiniz necədi?
- Fikrimcə, xoşagəlməz hadisə oldu. Nəzərinizə çatdırım ki, martın əvvəlində Şüvəlanda təlim-məşq toplanışımız vardı. İdman qurğularının fəaliyyəti dayandırılandan sonra bizim toplanış da yarımçıq qaldı. Səhv etmirəmsə, martın 15-i idi. Məşqçilər korpusu, idmançı heyəti bir araya gəlib, xoş ab-havada görüşərək ayrıldıq. İsmayıllıda yaşadığıma görə həmin gün Bakıdan ayrıldım. İnanın ki, heç kim narazılıq etmədi, problemin olduğunu demədi. Ümumiyyətlə, maaşla bağlı problem yox idi. Səhv etmirəmsə, yığma üzvləri martın 18-i və ya 19-da problemlə üzləşdiklərini qabardıblar. Mən onda İsmayıllıda idim. Yəni heç nədən xəbərim olmayıb. Təəssüf ki, bu məsələ mətbuata çıxdı, mən də ordan tanış oldum. İdmançılarımız öz aralarında razılığa gələrək belə addım atıblar. Əlbəttə, xoşagələn hal deyil. Bildiyimə görə, söhbət fevralın maaşından gedir. Ümumiyyətlə, yığma üzvlərinin hərəkətinə münasibətim çox pisdi. Düzgün addım atmadılar, çox böyük səhv etdilər, uşaq hərəkətinə yol verdilər. Koronavirusla bağlı bütün dünyanın qarışdığı bir vaxtda bunu etmələri yaxşı hərəkət deyildi. Amma artıq problem arxada qalıb, idmançılarımız maaşlarını alıblar. Sadəcə, federasiyamızın adı ilə bağlı belə xoşagəlməz hadisə yaşandı. Ağırlıqqaldırma ailəsi adına yaxşı hal olmadı. Az öncə dediyim kimi, martın 15-də bazada vidalaşanda qətiyyən belə ab-hava, söhbət yox idi. Səbirsizliklə karantin müddətinin bitməsini gözləyirəm. Bakıya qayıdan kimi bu məsələni mütləq müzakirə edəcəyik.

- Yığma üzvləri təlim-məşq toplanışlarının sayının və müddətinin azlığından da şikayətləniblər…
- 2018-ci ilin əvvəlindən milli komandaya rəhbərlik edirəm. Yəni artıq iki ildi yığmadayam. Bu müddətdə həmişə planauyğun intensiv toplanışlarımız olub. Heç kim toplanışların sayının az olduğunu deyə bilməz. Yalnız bu ilin əvvəlində problem yarandı ki, bunu da yığma üzvləri yaxşı bilir. Şüvəlandakı zalda təmir getdiyinə görə yanvara planlaşdırılan hazırlıq prosesi xeyli yubandı. “Toplanışlar azdı, olmur” demək düzgün deyil. Son iki ildə rəhbərliyim altında davamlı şəkildə toplanışlar baş tutub. Sadəcə, bu il məlum problemlər üzündən axsama oldu. Yəqin idmançılar bu problemi qabardarkən davamlılığın pozulmasını nəzərdə tuturlar. Bunun da səbəbini sizə dedim.

- Başqa narazılıq doğuran məsələ vitaminləşmə və idman ləvazimatlarının çatışmazılığı ilə bağlıdı.
- Yığma üzvləri ilə Bakıda və rayonlarımızda toplanışlarda, ölkə xaricində səfərlərdə bir yerdə olmuşuq. Onların qidalanmasına şəxsən nəzarət etmişəm. Bu yöndə heç bir problem olmayıb. Vitaminləşməyə gəincə, bu ən həssas məsələdi. Yadınızdadısa, yığmanın əvvəlki əcnəbi baş məqşçilərinin dönəmində federasiya və milli komandamız cəzalanadırıldı. Bu üzdən bu məsələyə çox ciddi yanaşırıq. Gündəlik istifadə olunan elə dərmanlar var ki, onların da tərkibində dopinq var. Bizdə bu məsələ ilə birbaşa komandanın həkimi məşğul olur. Vitaminlər hardan gəldi, necə gəldi alınmır. Lazım olan vitaminlər də yığma üzvlərinə verilib. Yalnız çatdırılmasında, alınmasında müəyyən səbəblərdən gecikmə ola bilər. Həkim hansı vitamin məsləhət görübsə, onu da əldə edərək atletlərə veriblər. Normal məşq üçün də bütün lazımi inventarlar var. Şüvəlandakı təlim-məşq bazamız beynəlxalq standartlara tam cavab verir. Geyimlə bağlı təminat da federasiyanın öhdəliyində olan məsələdi. Yəni bütün yığma üzvlərini geyim dəstləri ilə federasiya təmin edib. Geyim dəstləri sıradan çıxanlara isə yeniləri verilib. Təbii ki, idman ayaqqabısı köhnələ və cırıla bilər. Amma müraciət olunan kimi yenisini alıblar. Sadəcə, ola bilər ki, hansısa bir idmançı federasiyanın təqdim etdiyi, məsələn, “Adidas” markalı idman ayaqqabısından istifadə etməsin. Belə olan halda sərbəst şəkildə özünə başqa firmanın məhsulunu ala bilər.

- Həmin hadisədən sonra yığma üzvlərindən kiminləsə əlaqə saxlamısız?
- Məlum səbəbdən görüşümüz baş tutmayıb. Amma telefon vasitəsilə əlaqə saxlamışam. Bir neçə nəfərlə danışıb, iradlarımı bildirmişəm (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti