Sportinfo.az Azərbaycanın cüdoçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Elçin İsmayılovun müsahibəsini təqdim edir:
Rəhbərlik etdiyiniz komandanın üzvləri İslamiadada 1 qızıl, 5 gümüş, eləcə də, komanda yarışında gümüş medal qazandılar. Yetirmələrinizin çıxışını necə qiymətləndirirsiniz?
- Üç aydı yığmadayam, cüdoçularımızdakı böyük həvəsi görürdüm. Onların uğurla çıxış edəcəklərinə inanırdım. Ümidlərimizi doğrultdular. Hamısını təbrik edirəm. Qarşıda bizi Macarıstanda keçiriləcək dünya çempionatı gözləyir. Orada da yaxşı çıxış etməyə çalışacağıq.
Yığmaya yeni cəlb olunmuş əcnəbi cüdoçuların çıxışından razı qaldınız?
- Bəli. Düzdür, daha yaxşı nəticə gözləyirdik. Lakin bir az gərginlik oldu. Onların gəlişindən sonra yarışa az müddət qalmışdı. Uyğunlaşmaları üçün vaxt lazımdır. Ancaq gələcək üçün ümidlərimiz böyükdür.
Onların arasında İslamiadada yaxşı təsir bağışlamadığı üçün əməkdaşlığı davam etdirməmək istədiyiniz var?
- Xeyr, elə bir şey yoxdu. Hiss olunur, ki növbəti yarışlara daha yaxşı hazır olacaqlar. Nəticə verəcəklərinə yüz faiz əminəm.
Karyerasını bitirən Kifayət Qasımova fikrini dəyişərək İslamiadaya qatıldı və gümüş medal əldə etdi. Bundan sonra necə olacaq?
- Məncə, o, daha heç bir yarışda iştirak etmək istəmir.
Onun yığmaya köməkçi-məşqçi kimi cəlb oluması mümkündü?
- Bunu zaman göstərəcək.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov bildirib ki, qadınlardan ibarət cüdo yığmasında həll olunası problemlər var...
- O, rəhbərimizdi, hər şeyi gözəl bilir. Bizə hər cür şərait yaradılıb. Bunun qarşılığını vermək üçün çalışmalıyıq (report).

