Pekin Olimpiadasının cüdo üzrə qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. Sportinfo.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub.
Yığmanın keçmiş lideri Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi. Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər.

