Elnur Məmmədlinin bacısı oğlu: “Dayım zəng edib dedi ki..” - (VİDEO)

26 Oktyabr 2017 11:00 Cüdo 910
Elnur Məmmədlinin bacısı oğlu: “Dayım zəng edib dedi ki..” - (VİDEO)

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan milli komandasının üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri (ACF), milli komandanın məşqçilər korpusu və idmançılar iştirak ediblər.

Dünya birinciliyinin qalibi Hidayət Heydərov çempionluğa gedən yolundan danışıb. O bildirib ki, bu, yığmanın uğurudur: “İlk görüşüm yaponla idi. Güclü rəqiblə mübarizədə tilsimi qırdım və ardınca qələbələri davam etdirdim”.

Yarışı gümüş medalla bitirən Natiq Qurbanlı və Kəramət Hüseynov da çıxışlarını dəyərləndiriblər. Onlar bildiriblər ki, son anda qızıl medal şanslarını əldən veriblər.

Kəramət Hüseynov dayısı, olimpiya çempionu Elnur Məmmədlinin məsləhətlərindən də yararlandığını deyib: “Məsələn, koreyalı idmançı ilə düşəndə də zəng edib öz fikirlərini bildirdi və dəstək oldu. Dedi ki, qalib gələcəksən.

Məni ruhlandırdı. Yarışdan sonra da özü Hava Limanına gəlib qarşıladı məni. Məni öpüb bağrına basdı. Söz vermişəm ki, onun davamçısı özüm olacam. Özü gəlib məşqlərdə mənimlə güləşir. Fəndlər öyrədir mənə. Mənim dayım Olimpiya Çempionu olduğu üçün rəqiblərimdən çox üstünəm.

83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Yarışda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) ilə Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıb.

Bununla da, Azərbaycan millisi kişilərin fərdi yarışlarında birinci yeri tutub. Ümumi komanda hesabında isə yığma yalnız Yaponiyadan geri qalaraq 2-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!