“Qarabağ” üçün ÇL: Arzuolunmaz, səfərdə arzuolunmaz və arzulanan

28 İyul 2020 18:48 Çempionlar Liqası 1 979
“Qarabağ” üçün ÇL: Arzuolunmaz, səfərdə arzuolunmaz və arzulanan

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi avqustun 9-da bilinəcək.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz öncə Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibini tanıyacaq.

Bu raundda 33 klub və ilkin mərhələnin qalibi iştirak edəcək. 4 komandanın mübarizə apardığı ilkin raundun qalibi bilinmədiyindən püşkə qeyri-müəyyən rəqib kimi qatılacaq.

Püşk ərəfəsində iştirakçılar iki səbətə bölünəcək. Yüksək reytinqli 17 klub, o cümlədən “Qarabağ” səpələnmişlərdən olacaq. Onların ilk rəqibi digər səbətdən çıxacaq.

Lakin Azərbaycan çempionu səpələnməmiş səbətindəki 17 mümkün rəqib deyil, 16-dan biri ilə üz-üzə gələ bilər. Çünki UEFA qaydalarına əsasən təmsilçimizin Ermənistan klubu ilə görüşməsi mümkün deyil. 16 mümkün variantdan 15-i klub, biri ilkin mərhələnin qalibidir.

Əvvəlki illərdə püşk ərəfəsində mümkün rəqibləri iki qrupa bölmək olardı. Bunlar arzulanan və arzuolunmaz rəqiblər idi.

Lakin bu dəfə durum fərqlidir. Təsnifat mərhələləri 1 oyundan ibarət olduğundan hansı rəqiblə harada oynamağın da əhəmiyyəti böyükdür.

Bu üzdən “Qarabağ” üçün mümkün olan 16 variantı üç qrupa bölmək mümkündür. Arzuolunmaz, səfərdə arzuolunmaz və arzulanan. Birinci qrupa aid komanda nə ev, nə səfərdə qarşılaşmaq Qurban Qurbanovun komandası üçün arzulanan deyil. İkinci qrup komandalarla yalnız evdə qarşılaşmaq məqbuldur. Çünki onlarla səfərdə çətinlik yaşamaq realdır. Üçüncü qrup rəqiblərlə harada qarşılaşmağın fərqi yoxdur.

Ehtiyatlı olmaq üçün yeganə rəqib

“Qarabağ”ın zəngin avrokubok təcrübəsini, kiçik və orta səviyyəli rəqiblərlə oyunlardakı gücünü nəzərə alsaq, yalnız bir komandadan çəkinməyə dəyər. Bu, Belarus çempionu olan Brest “Dinamo”sudur. Düzdür, bu komandanın hər hansı ciddi uğuru yoxdur. Lakin “Qarabağ”ın yolunu kəsməsindən də yaxşı tanıdığımız BATE-ni çempionluq taxtından salan “Dinamo” heç də asan rəqib hesab olunmur. Elə buna görə də püşkdə bu komandanın düşməməsi arzulanandır.

Çətin səfər olmasın

“Qarabağ”ın həmişə mövsümə ağır başlaması, sonradan daha güclü olması heç kimə sirr deyil. Bu səbəbdən də ilk mərhələnin səfərdə keçirilməsi o qədər də istənilən deyil. Xüsusilə də bəzi rəqiblərin qonağı olmaq heç də yaxşı olmaz. Ötən mövsüm “Linfild”ə (Şimali İrlandiya) qarşı matçların çətin keçdiyini nəzərə alsaq, ilkin mərhələnin qalibi də bu siyahıdadır. Çünki həmin raundda həm “Linfild”, həm də inkişafda olan Kosovonun çempionu “Drita” da oynayacaq.

İlkin mərhələnin qalibindən başqa, ilk baxışdan asan təsir bağışlayan "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç) və "Çelye"yə (Sloveniya) qarşı rəqib meydanı deyil, evdə qarşılaşmaq yaxşı olardı.

Asan yem

I təsnifat mərhələsinin səpələnməmiş digər 11 komandası isə “Qarabağ” üçün asan yem sayılmalıdır. Ardıcıl 6 dəfə avrokubokların qrupunda oynayan komanda yenə eyni iddiadadırsa, bu zəif komandaları nəinki evdə, səfərdə də yenməyi bacarmalıdır.

Söhbət “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Riqa” (Latviya), “Konnah” (Uels), “Klaksvik” (Farer adaları), “Europa” (Cəbəllütariq), “KuPS” (Finlandiya), “Reykyavik” (İslandiya), "Tirana" (Albaniya), “Sileks” (Şimali Makedoniya) və “Floriana”dır (Malta).

I təsnifat mərhələsinin püşkü avqustun 9-da, oyunları həmin ayın 18-19-da keçiriləcək (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!