"Mahir Emrelinin xəsarət almasına bilərəkdən yol verilib, ya da..." - YENİ İDDİA

25 Dekabr 2021 23:20 Bizimkilər 1 336
"Mahir Emrelinin xəsarət almasına bilərəkdən yol verilib, ya da..." - YENİ İDDİA

Yayda "Qarabağ"ı Polşa "Legiya"sına dəyişən Mahir Emrelinin legioner həyatı əla start götürmüşdü. Həmyerlimiz vurduğu vacib qollarla yerli publikanın sevimlisinə çevrilmişdi.

Amma son dönəmlər başverənlər onun üçün heç də yaxşı olmadı. Yaşanan uğursuzluqların fonunda çılğın fanatlar komandanın avtobusuna hücum edib, futbolçulara xəsarət yetirdilər. Xəsarət alanlar arasında Mahir Emreli də vardı. Bir neçə gün xəstəxanada qalan millimizin üzvü "Legiya"nın son iki oyunu ilə bərabər, komandanın məşqlərində də iştirak etmədi.

Hətta onun komandadan ayrılacağı geniş müzakirə olunmaqdadır. Bəs indiki məqamda hücumçu üçün hansı qərarın verilməsi doğru olardı?

Sualımıza cavab tapmaq üçün birvaxtlar Polşada legioner həyatı yaşamış veteran müdafiəçimiz Saşa Yunusoğlu ilə söhbətləşdik.

Milli komandamızın sabiq üzvü Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı bunlar deyib: "Mahirlə bağlı nəsə demək çətindir. Çünki işin içində deyilik. Amma onu deyə bilərəm ki, "Legiya" Polşanın ən yaxşı klublarından biridir. "Legiya" fanatları çox çılğındı. Hər zaman uğurlar, qələbələr görüblər. İndiki uğursuzluqda da əsəblərini futbolçulardan çıxıblar.

Ancaq peşəkar klubda belə şeylər yolverilməzdir. Bizim klubların azarkeşləri belə addıma əl atmasalar da hər birinin mühafizə xidməti var və oyunlara komanda ilə gedirlər. Dəli fanatları olan "Legiya"da mühafizə xidmətinin olmamasına inanmıram. Əminəm ki, hadisə baş verən zaman mühafizəçilərdən orda olanlar olub. Ya klubun kobud səhvi olub, ya da bu hərəkətə bilərəkdən yol verilib. Başqa fikir ağıla gəlmir.

Mahir özü son qərarını verməlidir. Amma belə qalmaqaldan sonra orda qalmaq onun üçün çətin olacaq. Psixoloji gərginlik yaşaya bilər. Başqa Avropa klubuna keçmək üçün indi yaxşı fürsət var. Eşitdiyim qədərilə onu istəyən klublar var. Azərbaycana qayıtmağını qəti istəməzdim. Ölkəmizin ən yaxşı oyunçularından biridir. Mahir kimi oyunçularımız ölkə xaricində çıxış etməlidir ki, milli komamdamıza da faydalı olsun. Mahir potensialına görə Avropanın yaxşı klublarında oynamalıdır. Artıq uşaq deyil, peşəkar futbolçudur. Özü hər şeyi yaxşı bilir. İnanıram ki, doğru qərar verəcək. Bir insan kimi, futbolçu kimi xətrin çox istəyirəm və ona uğurlar arzu edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti