AFFA millinin sabiq baş məşqçisi Arif Əsədova yeni vəzifə verib.
O, yeni texniki direktorun köməkçisi təyin olunub.
«Neftçi»nin keçmiş çalışdırıcısı son günlərə kimi «Kəpəz»lə danışıqlar aparırdı. Əsədov Gəncə təmsilçisinin sükanı arxasına keçməyə əsas namizəd sayılsa da, tərəflər arasında danışıqlar alınmadı.
Federasiyanın texniki direktorunun kimliyinə gəlincə, bu vəzifə Edmond Klausa tapşırılıb.
Niderlandlı funksionerin son iş yeri “Ayaks” akademiyası olub. O, burada texniki koordinator və müvəqqəti akademiya rəhbəri kimi fəaliyyət göstərib.
Bundan başqa, Klausun Çin futbolunda da təcrübəsi var. Çin U-20 millisində məşqçi və gənclər futbolunun inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb.
59 yaşlı mütəxəssis burada Cahangir Həsənzadəni əvəz edib. 2020-ci ildən AFFA-da həmin postu tutan «Caqa» ləqəbli funksioner aprelin 4-də iş yeriylə vidalaşıb.
Niderlandlı isə federasiya ilə 2+1 illik müqavilə imzalayıb. Qurumun 20-yə yaxın namizəd içindən seçdiyi şəxsə mühüm səlahiyyətlər verilib.
Bütün aşağı yaş qrupları üzrə yığmalara aid məsələlər ona tapşırılıb.
Baş məşqçilərin təyinatın tutmuş ta həmin komandaların oynayacağı taktikanın müəyyənləşdirilməsinə kimi.
SPORTİNFO.AZ

