Dünya çempionatının F qrupunda son turun oyunlarından sonra Niderland, Yaponiya və İsveç milliləri pley-off mərhələsinə vəsiqə qazanıblar.
Sportinfo.az xəbər verir ki, Niderland yığması ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində keçirilən qarşılaşmada Tunis millisini 3:1 hesabı ilə məğlub edib.
Oyunda hesab 3-cü dəqiqədə tunisli Elyes Şkirinin avtoqolu ilə açılıb. Ardınca Brayan Brobbi (7) və Yan Paul van Hekke (62) fərqləniblər. Tunisin yeganə qolunu Mahaçqala "Dinamo"sunun futbolçusu Hazem Masturi vurub.
Qrupun digər görüşündə isə Yaponiya və İsveç milliləri ABŞ-nin Texas ştatının Arlinqton şəhərində 1:1 hesablı heç-heçə ediblər.
Nəticədə Niderland millisi 7 xalla qrup lideri olub. Yaponiya 5 xalla ikinci, İsveç isə 4 xalla üçüncü yeri tutub.
Turnirin reqlamentinə əsasən, ən yaxşı üçüncü yer sahibləri də pley-off mərhələsinə yüksəldiyi üçün İsveç yığması da mübarizəni davam etdirəcək. Tunis millisi isə xalsız qalıb.
1/16 finalda Niderland Mərakeşlə qarşılaşacaq. Görüş iyunun 30-da Meksikanın Monterrey şəhərində keçiriləcək.
Yaponiya isə iyunun 29-da ABŞ-nin Hyuston şəhərində Braziliya millisi ilə üz-üzə gələcək. İsveçin növbəti rəqibi daha sonra müəyyənləşəcək.

