"Legiya"nın öz azarkeşlərinə Mahir Əmrəliyə hücum etmək imkanı verməsi mənə çatmır.
O nəhənglikdə klub buna necə yol verir?
Hələ payızın əvvəlində bar-içki məsələsi ilə üstünə getdilər, indi də 3-5 dəli "fanat"a klub avtobusuna girmək şəraiti yaratdılar...
Heç nə təsadüfi deyil. Niyə indiyə qədər olmurdu, məhz belə məqamda oldu? Özü də komandanın aparıcı üzvləri Lukinyas, Lopes və Əmrəliyə qarşı.
Hadisə bir həftədi baş verib, amma "Legiya" öz ulduzuna normal sahib çıxa bilmir.
Bilmir yox, bilmək istəmir. Mən belə düşünürəm.
Məsələ onda deyil ki, Əmrəli Messidi, ya Neymardı, ya bir milyard qiyməti var, ya da üstündə hər gün davadı. Məsələ ondadı ki, fakt Mahir bu "Legiya"nın ulduzu, ən yaxşısı, ən güclüsüdü.
Məhz Mahir formada olanda, fərqlənəndə "Legiya" uğur qazanırdı, əksi olanda da uğursuzluq gəlir. Komandanın "proxodnoy dvor" olan müdafiəsi yada düşmür.
Bütün işi elə Mahir görməlidi? O birini vuracaq, müdafiə ikisini buraxacaq, günahkar da elə onu çıxaracaqlar?
Niyə? Əmrəli hər oyun het-trik edən idisə, Polşada niyə oynayırdı, elə "Bavariya"da Levandovskini əvəzləyərdi də.
Azad agent kimi normal bir futbolçu alıb ona sahib çıxa bilməmək çox ciddi bacarıqsızlıq nümunəsidi. "Legiya" bunun acısını hələ çox çəkəcək.
Baş verənləri isə klubu idarə edənlərin oyunu kimi qiymətləndirirəm. Başqa izahı yoxdu. Normal transfer edə bilmədilər, yaxşı ehtiyat qüvvə formalaşdırmağı bacarmadılar, təbii eniş başlayan kimi də Əmrəli kimi futbolçuların arxasında gizlənməyə, hər şeyin günahı onlardaymış kimi göstərməyə başladılar.
Yəni, ay camaat, biz nə edək, bunlar oynaya bilmirlər. Gündəmi dəyişdiriblər: fiasko idarəçilikdən heç kim danışmır, "qolları vuraydılar, azarkeş də hücum etməzdi" fikirləri üstünlük təşkil edir.
Bu yolla bir oyun ud, ikisini ud, bəs sonra? Heç kim çörəyi qulağına yemir.
Kənardan Ekstraklassanı, bu baş verənləri izləyən digər futbolçular təklif alanda "ora təhlükəlidi" deyib "yox" cavabı verəcəklər, qalacaqsan əli üzündə. Onda görəcəm o "Legiya"nı.
Mənim dərdim "Legiya" yox, son zamanlar yetişdirdiyimiz ən istedadlı futbolçu Mahir Əmrəlidi.
O Əmrəli ki, bu gün Bundesliqa ortabablarının istənilən birində oynaya bilər, buna gücü də, bacarığı da çatar.
O Əmrəli ki, hələ özünü mütləq göstərəcək. Bizə hərə öz çapında ona sahib çıxmaq qalır.
Klubu qorumur, heç olmasa, biz qoruyaq.
Kənan Məstəliyev

