Cari mövsümdəki nəticələrini əsas gətirib Ayxan Abbasova qapını göstərən “Sumqayıt”ın başı dərddədir.
Prezident Riad Rəfiyev “kimyaçılar”ı ağ günə çıxaran baş məşqçini yola salandan sonra onun yerinə layiqli namizəd tapmaq üçün “baş sındırır”.
Deyilənə görə, iki gecədir rahat yata bilmir.
Əslində namizədlər çoxdur. Ölkəmizdə "Pro" kateqoriyalı məşqçidən çox kim var ki? Hələ “A”ya sahib olanları demirəm. Sadəcə, eləsini tapmalıdır ki... .
Ya da başqan göstəriş verəndə, məşqçi qayıdıb ona lazımi cavab qaytarmasın. Bunları etməyəcək birini tapmaq isə Rəfiyev üçün bir az çətindir.
Çünki Riad Rasim oğlu klub prezidentliyindən çox agent kimi tanınıb və bu günə qədər kifayət qədər əcnəbinin milli pasport almasında, futbolçuların klubdan kluba keçməsində can qoyub.
Həm onlara qazandırıb, həm də özünə. Demək olar bütün məşqçilər bundan xəbərdardır.
İndi eləsini tapmaq lazımdır ki, sabah prezidentin hansısa sözündən xoşu gəlməyəndə, keçmişi vərəqləməsin, xırdalıqlara varmasın, kiminsə tapşırığı ilə kresloda oturduğunu başa vurmasın.
Namizədlər çoxdur, həddən artıq çox. Şahin Diniyev, Arif Əsədov, Tərlan Əhmədov, Yunis Hüseynov, Ramiz Məmmədov, Ramin Quliyev, Zaur Həşimov. Hər yaşda, hər başda, hər qiymətdə, hər bacarıqda.
Yəni menyuda məşqçi çeşidi boldur. Qalır onların arasında futbol və xarakter dadına uyğun olanı seçmək. Elə ən çətini də budur. Türklər demiş, kolay gəlsin, Rəfiyev!
HƏBİB

