"Keçiörengücü"də çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli dünən növbəti qolunu vurub.
26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 17-ci turunda evdə yarışın iddialılarından olan "Erzurumsor"la keçirilən görüşdə fərqlənib.
Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb.
Bu, Vüsal İsgəndərlinin Ankara klubunda 4-cü qoludur. Dramatik matçdan sonra həmyerlimiz Sportinfo.az-a açıqlamasında vurduğu qoldan danışıb:
"Son dəqiqədə belə vacib qol vurmaq gözəl hissdi. Çox istəyərdim ki, vurduğum qol komandama 3 xal qazandırsın. Amma buna çox şükür. Liderli oyunda bir xal da dəyərlidir".
İsgəndərlinin qol sonrası etdiyi jest də ən azı vurduğu qol qədər geniş müzakirələrə yol açdı. Əksəriyyət qol sevincini Vüsalın milli komandaya çağrılmamasına etiraz kimi şərh etdi.
Bəs əsl həqiqət necədir? Sualın cavabını futbolçumuzun dilindən eşidək:
"Qol sevinci zamanı etdiyim jestin xüsusi mənası yoxdur. Oyundan öncə komanda yoldaşlarımla qola sevinci ilə bağlı söhbət gedirdi.
Mən də dedim ki, qol vursam Ronaldo kimi tribunalara formamı göstərəcəm. Hərə bir fikir dedi, sonda düşündüm ki, ən yaxşısı göz işarəsidir.
Vallah, burada nə xüsusi mesaj var, nə də başqa şey. Hər zaman demişəm ki, nə vaxt layiq olsam, milli komandanın formasını haqq eləsəm baş məşqçimiz də mənə dəvət göndərəcək.
Buna əminəm. Başqa da mesaj ola bilməz".
Dünənki bərabərlikdən sonra xallarını 19-a çatdıran "Keçiörengücü" 14-cü pilləyə yüksəlib.

