“15-16 illik karyeram var, onda da cəmi bir dəfə legioner həyatı yaşamaq qismətim oldu”.
Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan millinin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qatılan “Qəbələ”nin eks kapitanı 2012-ci ili xatırlayıb.
Həmin il qardaş ölkəyə yollanan orta sahə oyunçusu “Adana Demirspor”da forma geyindi. Birinci Liqada bir neçə ay keçirən Hüseynov üzləşdiyi çoxsaylı problemlər üzündən vətənə qayıtdığını bildirib:
“Onda “Adana Demirspor” indiki kimi deyildi, maliyyə çətinliyi çəkirdi. Biz bazada qalırdıq, orada isə yemək demək olar yox idi.
Adicə yumurta nədir, gedib onu da özümüz alırdıq. Məni həvəsdən salan başqa hadisələr də tez-tez baş verirdi.
Ona görə də günlərin birində qərara gəldim ki, Azərbaycana qayıdım. Mən bu qərarı verəndə, hələ çempionat davam edirdi.
Dedim ki, sizin heç nəyiniz mənə lazım deyil, verməli olduğunuz pulu da istəmirəm, getdim, sağ olun!
Çox istədilər ki, fikrimdən daşınım, xeyri olmadı. Ondan sonra “Bakı”dan dəvət gəldi. “Bakı”da problemlər başqa idi, mənə aid deyildi.
Oyunum da burada yaxşı gedirdi, hamı məndən razı idi. 2014-cü ildə “Bakı”dan ayrılmalı oldum, çünki klub artıq dağılmağa doğru gedirdi.
Beləcə, “Qəbələ”nin dəvətini qəbul etdim. Roman Qriqorçukla münasibətlərimi hamı bilir.
“Qəbələ”də yaxşı günlər yaşadım, əla forma yığdım. Qismət elə gətirdi ki, karyeramın son ilini də orada başa vurmalı oldum”.

