"Neftçi" rəhbərliyinin min cür bəhanəsinə, maneəsinə rəğmən Türkiyədə legioner həyatı yaşamaq arzusunu həyata keçirən Namiq Ələsgərovdan xoş xəbərlər almağa davam edirik.
"Bursaspor"da legioner həyatı yaşayan həmyerlimiz, artıq qonşu ölkə təmsilçisinin əsas heyət üzvünə çevrilməyi bacarıb.
Düzdü, onun komandası mövsümü çox uğursuz keçirir. Hazırda turnir cədvəlinin 14-cü pilləsində olan "timsahlar"ı sonuncu yerdən cəmi 3 xal ayırır. Arxada qalan 14 turda rəhbərliyin 3 baş məşqçi ilə yolları ayırması da bir başqa problemdi. Bir sözlə, onun komandasında neqativ üstünə neqativdir.
Amma bütün bunların fonunda Ələsgərov uğurlu olmağı bacarır. O, sonuncu "Manisa" matçında da fərqlənməklə aktivindəki qolların sayını 4-ə yüksəltmiş oldu. Hələki komandanın ən məhsuldar oyunçusu statusu ona aiddir. Nəzərə alaq ki, Namiq sırf forvad kimi yox, vinger kimi çıxış edir. O zaman vurulan qolların dəyəri daha da artmış olur.
Ələsgərov qolla bərabər, 4 dəfə də etdiyi asistlə yadda qalıb.
Göstərdiyi performans səbəbindən təbii ki, təmsilçimizə yaxşı təkliflərin gələcəyi sirr deyil.
Ələsgərov belə davam edərsə, onu qarşıdakı illər Super Liqada belə görə bilərik.
Ümid edək ki, hər şey Namiq üçün başladığı sürətlə də davam edəcək. Eyni sözləri komandası haqqında deyə bilməsək də...
Xanoğlan İmanov

