"Tovuzda futbol akademiyasının açılması elə bunun üçündür"

11 May 2021 22:40 Azərbaycan Futbolu 869
"Tovuzda futbol akademiyasının açılması elə bunun üçündür"

"Tovuzda futbol akademiyasının açılması elə kənardan gələn uşaqlar üçündür".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan-Tovuz"un icraçı direktoru Nadir Nəbiyev "Tovuz Futbol Akademiyasına kənardan uşaqlar götürülmür" iddiasına cavab verərkən deyib.

Nəbiyev Tovuz Akademiyasının fəaliyyətindən də söz açıb: "70-ə yaxın uşağın akademiyada qalması üçün hər cür şərait var. Pandemiyaya görə indi çox seçim apara bilmirik. Bəzi bölgələrimizdə məşqlər də keçirilmir. Hazırda regionda seçim edirik. Şəmkir, Qazax, Ağstafa kimi rayonlarda aparılan seçimlərdən artıq bəzi uşaqlar seçilib. Proses davam etdirilir. Təxmini 15-ə yaxın uşaqla müqavilə bağlanıb və akademiyada qalırlar".

Klub rəsmisi gələcəkdə Tovuzdan olan uşaqların da akademiyada qalmasını planlaşdırdıqlarını bildirib: "Tovuzun özündən isə 150-yə yaxın uşaq məşqlərə cəlb edilib. Gələcəkdə Tovuzun uzaq kəndlərindən gələn uşaqların da çətinliyi olarsa akademiyada qalmaların şərait yaratmağı düşünürük. Bunlarla bərabər gələcəkdə respublika üzrə seçimlərimiz olacaq.

Akademiyada hazırda 6-17 yaş arasın qruplar var. Yalnız 19 yaş qruppamız yoxdur. İnşallah gələcəkdə həmin yaş qrupun da bərpa eləməyi düşünürük".

Sabiq hücumçu belə akademiyanın olmasından sonra artıq gənc futbolçular üçün bəhanə yeri qalmadığını düşünür: "4 meydança var. Hər birində gün ərzində oyunlar, məşqlər keçirilir. Yaxşı uşaq hər zaman olub. Sadəcə onların tapılıb üzə çıxmasına şərait olmayıb. Amma indi buna bəhanə yoxdur. Hər cür şərait var. Artıq bizim və məşqçilərin üzərinə böyük yük düşür. Həmin uşaqların tapılıb üzə çıxarılması və inkişaf etdirilməsinin məsuliyyəti bizə düşür".

Xəbər Lenti