İran millisinin G qrupunun son oyununda Misirlə 1:1 hesablı heç-heçəsi komanda üçün turnirin ən dramatik nəticələrindən biri oldu.
Hazırda bu həyəcanlı, tarixə keçən oyun hələ də müzakirələr sırasındadır.
Cənub qonşumuz qələbə qazanacağı təqdirdə qrup lideri olmaq və daha rahat rəqiblə qarşılaşmaq şansı əldə edəcəkdi.
Amma "sən saydığını say, gör fələk nə sayır". İndi hər şey bu gecə qruplarda baş tutacaq 6 oyunun nəticəsindən asılı asılıdır...
İran son dəqiqələrdə böyük bəxtsizliklə üzləşdi. VAR müdaxiləsi nəticəsində vurulan qolu hesaba alınmadı. Millinin bir neçə təhlükəli zərbəsi dirəkdən geri döndü, əlavə vaxtda isə futbolçular ardıcıl qol imkanlarını boşa verdilər.
Beləliklə, qələbəyə çox yaxın olan İran meydanı cəmi bir xalla tərk etdi və taleyini digər qrupların nəticələrindən asılı vəziyyətə saldı.

Hazırda İran qrup mərhələsini 3 xalla üçüncü pillədə başa vurub. Komanda artıq ilk iki yeri tutmaq imkanını itirib və pley-off mərhələsinə yüksəlmək üçün yalnız ən yaxşı üçüncü yerlərdən biri olacağına ümid edir. 2026-cı il Dünya Çempionatının formatına əsasən, 12 qrupun üçüncü pilləsini tutan komandalar arasında ən yaxşı 8 kollektiv növbəti mərhələyə vəsiqə qazanır.
Lakin İranın işi heç də asan deyil. Komanda artıq bütün oyunlarını başa vurduğu üçün taleyi tamamilə digər qrupların son qarşılaşmalarından asılıdır. İranın pley-offa yüksəlməsi üçün digər qruplarda üçüncü yeri tutacaq komandaların mümkün qədər zəif nəticə göstərməsi lazımdır.
Hazırda İranın xeyrinə olacaq əsas ssenarilər bunlardır:

Digər qruplarda üçüncü yeri tutacaq komandaların əksəriyyəti 2 və ya daha az xal toplamalıdır. Eyni zamanda, 3 xalla qalan komandaların top fərqi və vurduğu qol sayı İranın göstəricilərindən yaxşı olmamalıdır.
Eyni xal və eyni top fərqi yaranacağı halda növbəti meyarlar-vurulan qollar, fair-play xalları və digər FİFA qaydaları İranın xeyrinə işləməlidir.
İranın ümidlərini azaldacaq hallar da kifayət qədərdir. Belə ki, digər qruplarda çox sayda komanda 4 və ya daha çox xal toplayıb.
Üç xallı komandalar top fərqində və ya vurulan qollarda İranı qabaqlayırlar. Tay-breyk meyarlarında isə, İran rəqiblərindən geri qalır.

Bir sözlə, cənub qonşumuzun milli komandasının hələ də pley-off şansı mövcuddur, lakin bu şans artıq öz əlində deyil.
Komanda yalnız digər qrupların nəticələrinin onun xeyrinə olacağına ümid edə bilər. Misirlə matçda əldən verilən qələbə və son dəqiqələrdə qaçırılan imkanlar isə sonradan İran üçün çox baha başa gələ bilər.

Bir qolla qrup liderliyi uğrunda ilk sıraya qalxan komanda qolun qeydə alınmaması ilə turnirlə erkən vidalaşmaq təhlükəsi ilə üz-üzə qaldı . Buna görə də İran azarkeşləri indi meydandakı oyundan çox, digər qruplarda baş tutacaq qarşılaşmaların nəticələrini həyəcanla izləyəcəklər.
Cavanşir Abbaslı

