Dünya çempionatında qrup mərhələsinin son turudur.
Azərbaycan təqvimi ilə bu gün oyunlar olmasa da, 28-ə keçən gecə, daha dəqiq desək, saat 01:00-dan etibarən nəfəsləri kəsən qarşılaşmalar baş tutacaq.
Bu oyunlar içərisində elələri var ki, sözün həqiqi mənasında futbolsevərlərə həyəcanlı bir gecə vəd edir. Modriçli Xorvatiya, Ronaldolu Portuqaliya, Messili Argentina...
Futbol dünyasının tarixində dərin iz buraxmış bu futbol dahiləri üçün son mundialın olması onların millilərinin keçirdiyi hər bir görüşü daha çox maraq qatır, diqqətlərin ayrılmasına səbəb olur.
İyunun 28-nə keçən gecə keçiriləcək altı qarşılaşma bunlardır:
28 iyun, 01:00 Panama - İngiltərə
28 iyun, 01:00 Xorvatiya - Qana
28 iyun, 03:30 Kolumbiya - Portuqaliya
28 iyun, 03:30 Konqo DR - Özbəkistan
28 iyun, 06:00 Əlcəzair - Avstriya
28 iyun, 06:00 İordaniya - Argentina
Bu görüşlərin hər biri bəzi komandaların taleyini müəyyənləşdirəcək. Ölkələr var ki, son turda qrup liderliyi uğrunda mübarizə aparacaq, bəziləri isə pley-offa vəsiqəni son anda təmin etməyə çalışacaq. Yeni formatda keçirilən mundialda hər qrupdan ilk iki komanda, eləcə də ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi 1/16 finala yüksəlir. Buna görə də hər qol, hər xal və hətta top fərqi həlledici əhəmiyyət daşıyır.
Gecənin ilk oyunlarından biri Panama ilə İngiltərə arasında baş tutacaq. İngiltərə turnirin əsas favoritlərindən biri kimi bu oyuna çıxır. Heyətində dünya səviyyəli ulduzları birləşdirən ingilislər sürətli və hücumameyilli futbol nümayiş etdirirlər. Dünya çempionu titulunu 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun verdiyi-hələ də müzakirə edilən qərarla qazanan İngiltərə son illərdə də sabit çıxışı ilə diqqət çəkir. Panama isə tarixində cəmi ikinci dəfə dünya çempionatında iştirak edir. Mərkəzi Amerika təmsilçisi böyük təcrübəyə malik olmasa da, əzmkar oyunu ilə seçilir. İngiltərə üçün bu görüş qrup liderliyini rəsmiləşdirmək, Panama üçün isə mundialla layiqli şəkildə vidalaşmaq baxımından böyük əhəmiyyət daşıyır.

Eyni saatda keçiriləcək Xorvatiya-Qana qarşılaşması isə turun ən gərgin oyunlarından biri hesab olunur. 2018-ci ilin dünya vitse-çempionu, 2022-ci ilin bürünc medalçısı Xorvatiya növbəti dəfə pley-off mərhələsinə yüksəlmək istəyir. Təcrübəli futbolçuların yer aldığı Balkan təmsilçisi topa nəzarəti və taktiki oyunu ilə seçilir. Qana isə Afrika futbolunun ən güclü komandalarından biridir.
2010-cu ildə dörddəbir finala qədər irəliləyən qanalılar sürətli əks-hücumları və fiziki gücü ilə istənilən rəqib üçün təhlükə yaradır.
Bu oyunun qalibi böyük ehtimalla qrupdan ikinci yerin sahibi kimi çıxacaq.
Kolumbiya-Portuqaliya matçı isə günün mərkəzi qarşılaşmalarından sayılır. Hər iki komanda hücum futboluna üstünlük verir və zəngin heyətə malikdir. Portuqaliya tarixində dəfələrlə dünya çempionatında uğurlu çıxış edib, 1966 və 2022-ci illər bunu sübut edir. Komandanın əsas diqqət mərkəzində olan futbolçusu isə şübhəsiz ki, Kriştiano Ronaldodur. Dünya futbolunun canlı əfsanəsi sayılan Ronaldo rekordlarını artırmaq və komandasını növbəti uğura aparmaq əzmindədir. Onun liderliyi, təcrübəsi və qol instinkti Portuqaliyanın ən böyük silahlarından biri hesab olunur. Kolumbiya isə texnikalı futbolçuları, sürətli hücumları və mübariz oyunu ilə seçilir. 2014-cü ildə dörddəbir finala yüksələn Cənubi Amerika təmsilçisi Portuqaliyaya ciddi müqavimət göstərməyə çalışacaq.

Bu görüşün nəticəsi qrup liderinin müəyyənləşməsində əsas rol oynaya bilər.
Digər maraqlı qarşılaşmada Konqo Demokratik Respublikası Özbəkistanı sınağa çəkəcək. Hər iki komanda dünya çempionatının yeni iştirakçıları sırasında yer alır. Özbəkistan tarixində ilk dəfə mundiala vəsiqə qazanaraq ölkə futbolunda yeni səhifə açıb. Konqo DR isə uzun fasilədən sonra yenidən dünya çempionatında çıxış edir. Hər iki kollektiv üçün bu görüş təkcə qələbə deyil, həm də tarix yazmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qalib gələn komanda pley-off ümidlərini qoruyacaq.
Əlcəzair-Avstriya oyunu da kifayət qədər maraq doğurur. Əlcəzair Afrika futbolunun güclü nümayəndələrindən biridir və 2014-cü ildə ilk dəfə dünya çempionatının 1/8 finalına yüksələrək tarix yazmışdı. Avstriya isə dünya çempionatının köklü komandalarından sayılır. Avropa təmsilçisinin ən böyük uğuru 1954-cü ildə qazandığı üçüncü yerdir. Hazırkı heyəti ilə Avstriya daha balanslı və nizam-intizamlı futbol nümayiş etdirir. Hər iki komanda üçün bu oyun pley-off uğrunda son şans xarakteri daşıyır.
Gecənin son qarşılaşması İordaniya ilə son dünya çempionu Argentina arasında keçiriləcək. Lionel Messinin liderlik etdiyi Argentina yenə də turnirin əsas favoritlərindən biridir. Üçqat dünya çempionu olan Cənubi Amerika nəhəngi texniki səviyyəsi, zəngin heyəti və böyük təcrübəsi ilə fərqlənir. İordaniya isə tarixində ilk dəfə dünya çempionatında iştirak edir və artıq bu uğuru ilə ölkə futbolunun salnaməsinə düşüb. Kağız üzərində favorit Argentina olsa da, mundial tarixində sensasiyaların kifayət qədər yaşandığını nəzərə alsaq, bu görüş də böyük maraq doğurur.

Beləliklə, iyunun 28-nə keçən gecə keçiriləcək altı oyun təkcə növbəti turun iştirakçılarını müəyyənləşdirməyəcək, həm də dünya futbolunun yeni dramatik səhifələrini yazacaq.
Qrup liderliyi uğrunda mübarizə, pley-off arzusu, Ronaldo və Messi kimi canlı əfsanələrin çıxışı, eləcə də ilk dəfə mundial həyəcanı yaşayan komandaların tarixi mübarizəsi futbolsevərləri unudulmaz gecə ilə üz-üzə qoyacaq.
Cavanşir Abbaslı








