Premyer Liqanın 25-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.
Sportinfo.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb.
1200 azarkeş şəhərin eyniadlı təmsilçisinin “Səbail”ə 1:2 hesablı məğlubiyyətinin canlı şahidi olub.
Turun ən aşağı göstəricisi isə Zirədə qeydə alınıb. Cəmi 750 tamaşaçı “Zirə” - “Qarabağ” matçını (1:2) tribunalardan izləyib.
Digər oyunlardan “İnter Arena”da keçirilmiş “Keşlə” - “Neftçi” qarşılaşmasında (2:1) 1000, Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Kəpəz” matçında (3:0) isə 800 tamaşaçı qeydə alınıb.
Ümumilikdə turun 4 oyununu 3750 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 937 tamaşaçı deməkdi.
Bu, cari mövsümdə qeydə alınmış ən aşağı göstəricidi. Bunadək ən pis nəticə 8-ci turda qeydə alınmışdı (3870/967).

