Cavad Şərifli. Geniş futbol ictimaiyyətinə bu ad heç nə demir. Lakin Qəbələyə budəfəki səfərimiz zamanı bu gənclə söhbətləşməyi qərara aldıq.
Niyə? "Qəbələ"nin fan-şopunda çalışan həmsöhbətimiz həm də "Red black army" fanat qrupunun başçısıdı. Elə dialoqumuz da hər iki "cəbhə"də oldu (sport24.az).

Mağazanızdakı qiymətlər necədi?
- Mallar üzrə fərqlidi.
Məsələn...
- Şərflərin hamısı 5 manatdı. Butslar 70, krossovkalar 40 manatdı. Adi köynəklər 5-25 manat aralığındadı. Gödəkçəcələrin qiyməti 50 manatdan başlayır.
Oyun günü adam çox olsa da, alış-veriş zəif olar. Stadionda gördüyümüz kimi, insanların sayı seyrəkdi...
- Yox, baxır da, hansı oyundu. Məsələn, "Qarabağ"la oyunla "Səbail"lə matça eyni sayda azarkeş gəlmir. Rəqiblərə görə fərqlidir.
Axırıncı dəfə nə satmısınız?
- Şərf.
Nə vaxt olub? Oyun günü siftə olub?
- Bəli, köynək də satmışıq.
Bəs aylıq təxmini dövriyyə nə qədər olur?
- Baxır da, 500, 300, 200 manat...

Sən həm də "Qəbələ"də fan-klub rəhbərisən. Qəbələdə oyunlarda azarkeş niyə belə zəifdir?
- Bu problem təkcə Qəbələdə deyil, Azərbaycan futbolundadı. Çempionlar Liqasının qrupunda oynayan komandanın matçında stadionunu doldurmurlar. Qəbələdə də hava şəraiti, vaxt, kəndlərin uzaq olması söhbəti var. Həm də elə yerlərdə xal itiririk ki, bəzi azarkeşlər növbəti matça maraq göstərmirlər. Keçmişə qayıtsaq, hakim səhvlərindən danışa bilərik. Rəqib "Qarabağ"dırsa, deyirlər ki, onsuz da bizi yenı sıxasıdırlar. Yaxud "Səbail"lə oyanyırıqsa, "onsuz da udasıyıq" fikirləşilər.
Deyirsən ki, hər yerdə belə problem olur. Ancaq Gəncədə stadiona ən azı 8-9 min azarkeşgəlir...
- Gəncənin əhalisi yarım milyondan çoxdu. Həm də Qəbələdə 3-4 il əvvəl 3-4 minlik stadion dolurdu. Gəncədə əvvəl 18-20 min azarkeş gəlirdisə, indi 5 mindi. Lənkəranda görmüşük ki, stadion bir vaxtlar tam dolurdu, ancaq "Xəzər Lənkəran"ın son oyunlarında 500 nəfər gəlirdi. Yəni, azarkeş getdikcə azalır.

Yəni ümumiyyətlə, azaldığını demək istəyirsən...
- Bəli. Hər yerdə azarkeş sayında azalma müşahidə olunur.
Bəs, stadiona azarkeş gətirmək üçün təbliğat aparırsınız?
- Əlbəttə! Şəhərə çıxsanız, 3 nəfərdədən ən azı 1-də "Qəbələ"nin loqosunda olan idman geyimini görə bilərsiniz.
Gəncə istisna olmaqla, digər bölgələrdə stadionların tribunalarını daha çox orta məktəbi uşaqları ilə doldururlar. Elə şeylər olur ki, Qəbələdə məktəbtəbdə görüş keçirəsiniz, hansısa atributlar təklif edəsiniz, müsabiqələr təşkil edəsiniz?
- Ötən mövsüm belə görüşlər olmuşdu. Klub tərəfindən şagirdlərə qovluqlarda müxtəlif məktəb ləvazimatları paylanılmışdı. Bizdə psixologiya belədir ki, valideynlər "övladım futbola gedəndə dərslərindən yayınacaq" kimi fikirlərlə yaşayırlar.
Qəbələdə məşhur fndıq yığımının təsiri yoxdu?
- (Gülür) Yox, azarkeşə fərqi yoxdur. İstəyən hər bir şəraitdə stadiona gələcək. Əsl fanat 15 nəfər olsa da, hər zaman oyuna gələcək. Futbola görə işdən icazə alan, işə getməyən də olur.
Qəbələdə azarkeşini ən çox narahat edən nədi?
- "Qəbələ"yə olan ögey münasibət.
Kimin?
- Var da yuxarılarda bəziləri... Bizim bəzi şeylərə görə səbəbimiz var. Bəzi oyunlarda bizə qarşı haqsızlıq olub. Bəzi oyunlarda isə bizə lazım olmayan məqamlarda simpatiya olub. Məsələn, ötən mövsümdə bir oyunda 2:0 irəlidəyik, futbolçumuza qırmızı vərəqə düşür, vermirlər. Ancaq sonra gözümüzə soxurlar ki, qırmızı düşürdü, vermədik. Lazımı məqamda isə elə vururlar ki... Bax, elə şeylər adamı narahat edir.
"Qəbələ" futbolçularıyla da münasibətiniz yaxşı olar...
- Bəli, görüşürük, danışırıq, laızm olanda sözümüzü deyirik. Əlaqələrimiz var.