“İmarət” azarkeş qrupunun rəsmi facebook səhifəsində maraqlı paylaşım edilib. Sportinfo.az xəbər verir ki, paylaşımda bu gün səhər yayılan videoya münasibət bildirən azarkeş qrupunun rəhbərliyi bunları yazıb:
"Maraqlı hadisələr olur və biz artıq reaksiyasız qala bilmərik. Əziz dostlar, "İmarət" kimi çalışırıq ki, "Qarabağ"ımızın hər matçında iştirak edək. Son vaxtlar Avropa ölkələrindəki oyunlarda təmsil olunmağımız bizə həm maddi, həm də təşkilati cəhətdən ciddi problemlər yaradır. Amma Allaha şükür ki, bunları həll etməyi bacarırıq və ən az 4-5 nəfər Bakıdan azarkeş göndərə bilirik.
Misal üçün deyə bilərəm ki, sonuncu dəfə ölkəmizdəki Fransa səfirliyi azarkeşlərimizdən 9 nəfərin viza müraciətindən yalnız birinə müsbət cavab verdi. Bu məsələlərlə bağlı müxtəlif çətinliklərdən danışmaq olar. Düzdür, "Qarabağ" rəhbərliyi mümkün qədər öz dəstəyini əsirgəmir. Ancaq...
Bayaq Kamildir, kimdir, onun təyyarədə olan videogörüntüsü çıxdı, qarşıma... Mən anlamıram, onun həmin təyyarədə nə işi var, hansı hərəkətinə və xidmətlərinə görə Çempionlar Liqasında oynayan peşəkar komandanın heyəti ilə səfərə gedir?
Bu, bir tərəfə, üstəlik, qeyri-etik hərəkətlərini hər kəsə nümayiş etdirərək, bizim nüfuzumuzu zədələyir. "Qarabağ" kimin üçünsə əyləncə və istirahət anlamına niyə gəlməlidir ki?
Ümumiyyətlə, komanda zəif oynayanda heç onun adını bilməyənlər, indi gəlib sevincə şərik olmaq istəyir. Təbii ki, bu hallar məni və digər çiyindaşlarımı narahat edir.
Əvvəllər demək olar, hər həftə klubun işçiləri ilə müəyyən təşkilati məsələlərlə bağlı əlaqə yaradırdıq və demək olar, hər kəsi tanıyırdıq. İndi birdən "Vallah iş çoxdur" sözlərini eşidib, onları da başa düşürük. Həmin işləri çoxaldan Kamil kimiləridir, bəylər. Bizlər iş az olanda da burdaydıq!"
Söhbət müğənni Gülay Zeynallının əri Kamil Zeynallıdan gedir. Tez-tez sosial şəbəkədə qalmaqallı paylaşımlar edən və təhqiramiz ifadələr işlətməkdən çəkinməyən Kamil Zeynallı yenidən söyüş söydüyünə görə gündəmə gəlib.
O, “Atletiko” və “Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşüb. K.Zeynallı təyyarədə olarkən “İnstaqram” vasitəsi ilə canlı yayıma qoşulub.
Bu zaman “Məhəmməd Maqa” adlı sosial şəbəkə istifadəçisi xoşagəlməz rəylərdən istifadə edib. Kamil isə futbolçuların yanında yüksək səslə izləyicini və ailəsini ağır söyüşlərlə təhqir edib.

