İtaliyanın idman naziri Luka Lotti “Latsio” azarkeşlərini kəskin tənqid edib. Sportinfo.az xəbər verir ki, naziri “Latsio” azarkeşlərinin “Kalyari” ilə oyundakı davranışı hiddətləndirib.
Azarkeşlər oyundan sonra tribunada antisemitt qrafitlər çəkiblər və yəhudi qızı Anna Frankın ikinci dünya müharibəsi zamanı nasistlər tərəfindən məruz qaldığı vəhşiliklərlə bağlı yazdığı kitabı qoyublar.
Nazir belə azarkeşlərə bəraət olmadığını deyib: “Onlara heç nə ilə bəraət qazandırmaq olmaz. Mən inanıram ki, hakimiyyət baş verənləri dərhal araşdıracaq və günahkarlar layiq olduqları cəzanı alacaqlar”.
Onu da qeyd edək ki, “Latsio” azarkeşləri həmin qarşılaşmada “Roma” fanatlarına məxsus tribunada olublar. Çünki onların öz tribunaları yolverilməz şüarlara görə cəzalandırılmışdı.

