"Emin Mahmudov Azərbaycan futbolu üçün çox şey edib, onun yerini doldurmaq asan olmayacaq".
Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis əvvəlcə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D qrupunu lider tamamlaması barədə danışıb:
"Onlar bunun üçün çox çalışırdılar, istəyirdilər və sonda buna nail oldular. Ayxan müəllimi təbrik edirəm".
Sadıqov daha sonra Emin Mahmudovun Azərbaycan millisində karyerasını başa vurması qərarına münasibət bildirib:
"Emin Mahmudov Azərbaycan futbolu üçün çox şey edib. Çox qazanıb, çox şeyə nail olub. Təsadüfi deyil ki, o, qol kralı, milli komandamızın ən çox qol vuran futbolçusudur.
İndi təbii olaraq, onun yerini doldurmaq asan olmayacaq. Amma gənc futbolçularımız var və ümid edirəm ki, Emin Səfərov, eləcə də digər oyunçular həmin mövqedə yavaş-yavaş çalışaraq A milli komandada əsas futbolçulara çevriləcəklər.
İnşallah, gələcəkdə onu əvəzləyə bilərlər. Amma bu, asan olmayacaq".
